Nazirlər Kabineti istefa verib
Bölmə: Sosial › ,Tarix: 19:13 14.02.2024
Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gələn İlham Əliyev bu gün and içib.
Konstitusiyanın 103-cü maddəsinin II hissəsinə əsasən, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.
Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 116-cı maddəsində nəzərdə tutulan bütün zəruri addımlar yerinə yetirilib.
Bu barədə Milli Məclisin üzvü Fəzail Ağamalı informator.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin istefası Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq maddəsinə əsaslanır.
"Ölkə prezidenti konstitusiya ilə müəyyən olunmuş müddət başa çatdıqdan və prezident seçkisindən sonra Konstitusiya məhkəməsi qalibi elan edir. Bu qərar Milli Məclisdə səsləndirilir. Həmin gündən Nazirlər Kabineti buraxılır".
Müsahib prezidentin yeni komandanı formalaşdıracağını qeyd edib.
"İlk növbədə baş nazir müəyyənləşir və Baş Nazir prezidentin təqdimatı ilə Milli Məclisə göndərilir. Milli Məclisin təsdiqindən sonra qərar qüvvəyə minir. Ölkə prezidenti konstitusiya çərçivəsində səlahiyyətlərinə uyğun olaraq hökümətin tərkibini müəyyənləşdirir və bununla bağlı sərəncamlar imzalanır".
Fəridə Əsədzadə