İki Koreya ölkəsi arasında qarşıdurma-Politoloq AÇIQLAYIR
Bölmə: Siyasət › ,Tarix: 19:24 14.02.2024
KXDR Ali Xalq Məclisi Rəyasət Heyətinin plenar iclasında Cənubi Koreya ilə iqtisadi əməkdaşlıq haqqında qanunlar ləğv edilib.
Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü bildirib ki, belə bir hal gözlənilirdi.
Məlumata əsasən, iki Koreya arasında ticarət 2015-ci ildə 2,7 milyard dollardan və ya KXDR iqtisadiyyatının təxminən 10%-dən demək olar ki, sıfıra düşüb.
Mövzu ilə bağlı Politoloq Natiq Miri informator.az-a açıqlamasında bildirib ki, siyasət hər zaman iqtisadiyyatdan asılı olub.
"İqtisadi, ticari əməkdaşlıq siyasi münasibətlərin tənzimlənməsinin bünövrəsini qoyur. Bu gün münasibətlər sistemində iqtisadi əməkdaşlıq sıfıra düşübsə, artıq ortada heç bir siyasi münasibətin olmamağının göstəricisidir. Siyasi münasibətlərin dayandırılması hərbi qarşıdurmaya aparacaq yoldur".
Politoloq eyni zamanda bildirib ki, baş verən qarşıdurma Şimali Koreyaya ciddi zərər verəcək. Çünki Ş.Koreya elmi-texnoloji tərəfdən inkşaf etməyib, sadəcə ixracla məşğuldur.
"Bildiyimiz kimi Ş.Koreya hərbi cəhətdən bəzi strateji silahları istehsal edə bilir və bu ilk növbədə Çin və Rusiyadan asılıdır. Çünki bu məsələ onların verdiyi məxfi, gizli məlumatlarla ərsəyə gəlib. Gələcək perspektivdə despot rejimlər Ş.Koreyanı özü üçün müttəfiq kimi görür. Cənubi Koreya ilə Şimali Koreyanın iqtisadiyyatı müqayisə olunmaz dərəcədə C.Koreyanın xeyrinədir. Çünki C.Koreya elmi-texnoloji, iqtisadi cəhətdən yüksəlişdə olan ölkələrdəndir. C.Koreya dünya ölkələrinin böyük əksəriyyətinə öl məhsullarını ixrac edir".
Müsahib nəzərə çatdırıb ki, C.Koreya sənayedə ən yüksək səviyyədə inkişaf etmiş sahələrdən biridir, hazırda ehtiyac baxımından bütün sahələrdə özünü təmin edə biləcək ölkədir.
"Eyni zamanda C.Koreyanın ABŞ, Yaponiya, regionda olan Avstraliya və digər ölkələrlə strateji münasibətləri mövcuddur. Bu xüsusda ABŞ müəyyən birliklər, koalisiyalar yaradıb. Bu koalisiyaların bir hissəsi Çinə yönəlibsə, digər bir istiqaməti ,əlbəttə ki, lazım olduğu təqdirdə Ş.Koreyaya istiqamət götürəcək. Ona görə də bu əlaqələrin kəsilməsi daha çox Ş.Koreyanın zərərinə işləyəcək. Ancaq Ş.Koreya da bu cür strateji məsələləri düşünəcək və bu yöndə qərar verə biləcək rəhbərlik mövcud deyil. Orda avtoritar bir rejim mövcuddur. Bir nəfərin bilavasitə qərarı ilə ölkə idarə olunur. Cəmiyyət tamamilə qapalıdır. Qorxu tamamilə bu cəmiyyətə hökm sürür".
Natiq Miri qeyd edib ki, C.Koreya ilə Ş.Koreya arasında hərbi toqquşma baş verərsə, bu Ş.Koreyanın tamamilə dağılmasına gətirib çıxaracaq. Çünki uzunmüddətli bir müharibədə Ş.Koreya əhalisinin öz dövlətinin arxasında duracağını dəqiqliklə söyləmək olmaz.
"İlk sərhəd açılışında ölkə əhalisnin böyük əksəriyyəti buradan canını qurtarmaq istəyəcək. Ş.Koreya rəhbərliyinin bu cür qərarlarını, bəyənatlarını o qədər də ciddi qəbul etmək lazım deyil. Düzdür ki, burda başqa risk amilləri də mövcuddur. Belə ki, Ş.Koreya qlobal güclərə qarşı qoyulacaq bir alət kimi istifadə olunur. Bu xüsusda əlbəttə ki, Ş.Koreyaya həm Çin, həm də Rusiyanın yardımları olacağı halı istisna deyil. Bu da daha böyük təhlükələr vəd edir. Ona görə də bu məsələdə Asiya bölgəsində böyük bir müharibənin çıxmasında qlobal güclərin marağı var. Söhbət ABŞ, Çin və Rusiyadan gedir".
Politoloq sonda onu da nəzərə çatıdırb ki, belə bir müharibə çıxarsa, bu III Dünya müharibəsinə qədər prosesi əks etdirə bilər.
Azər Abuşov