NATO-nun bölgəyə müdaxiləsi Rusiya üçün qırmızı xəttdir-Oqtay Qasımov

Bölmə: Siyasət › ,
Tarix: 22:57 14.02.2024

Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan növbəti dəfə NATO-nun nümayəndəsi Xavier Kolomina ilə görüş keçirib, Azərbaycanla sərhəddəki son hadisələr barədə məlumat verib. 

 

Bu barədə informator.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Ermənistan Xarici İşlər Nazirinin Brüsselə səfəri və orda həm Avropa ittifaqı, həm NATO nümayəndələri ilə görüş keçirməsi, region üçün heç də sülh və sabitlik vəd etmir. 

 

"Belə ki, Ermənistan bütün vəclə müxtəlif xarici gücləri bölgəyə dəvət etməklə qarışıq bir vəziyyətin yaradılması və bunun üzərinə gərginliyin artırılması, Azərbaycana təzyiqlərin genişləndirməsini istəyir. Məhz belə şəraitdə, Ermənistan regionda daha uyğun şəraitin yaranacağı və müəyən niyyətlərin həyata keçirəcəyini planlayır".

 

Politoloq qeyd edib ki, təbii ki, bu bölgəyə cəlb etmək istədiyi qüvvələr arasında NATO-da var.

 

"Belə ki, Paşiniyan hakimiyyətin Qərb institutları ilə o cümlədən NATO ilə əlaqələrinin genişləndirilməsi, təbii ki, Rusiyanı heç də məmnun etmir, baxmayaraq ki, Ermənistan Rusiyanın hərbi müttəfiqi sayılır. Və Rusiyanın Ermənistanda hərbi bazaları mövcuddur. Amma son dönəmlərdə biz bu münasibətlərdə kifayət qədər gərginlik görürük. Təbii ki, NATO məsələsi Rusiya üçün qırmızı xətt sayıla bilər".

 

Oqtay Qasımov əlavə edib ki, Ermənistanın NATO ilə əlaqələrinin genişlənməsi, yaxud üzvlük məsələsi olduqca uzun zaman aparacaq bir məsələdir.

 

"NATO-da Ermənistanı yaxın gələcəkdə öz orbitinə çəkməsi, sıralarına qəbul etməsi real görünmür. Amma bütün hallarda NATO ilə əməkdaşlıq və onun bölgəyə cəlb olunması Rusiyanın maraqlarına ziddir və bu Rusiyanın qırmızı xəttidir. Bu əlaqələr genişlənərsə, Rusiya üçün daha çox təhdid yaranarsa, Rusiya o zaman ona adekvat cavab verəcək. Mən buna şübhə etmirəm".

 

Politoloq sonda vurğulayıb ki, bu gün Ukraynada yaşananlar əslində həm də Ukraynanın NATO ilə əlaqələrinin genişlənməsi məsələsi ilə bağlıdır.

 

"Əlbəttə ki, burda Rusiyanın imperial siyasəti və digər məsələlərdə var. Təbii ki, Qərbin bölgəyə daxil olması və ya onun təsirinin artması Rusiyanın mənafeyinə uyğun deyil. Azərbayacanda üçüncü qüvvələrin xüsusilədə regiondan kənar qüvvələrin bölgədə rolunun artmasından heç də məmnun deyil və buna qarşıdır. Azərbaycanın bölgə üçün təklif etdiyi 3+3 formatı var. Biz hesab edirik ki, hazır ki, vəziyyətdə ən optimal format sayıla bilər".

 

Vüqar Alışov