Münaqişə böyüyərsə, ən çox əziyyət çəkən Ermənistan olacaq -Azad Məsiyev

Bölmə: Siyasət › ,
Tarix: 23:42 14.02.2024

"Ermənistan sülh sazişi imzalamamaq üçün müxtəlif bəhanələrlə məsələni uzadır. Beynəlxalq aləmdə özünə sülhpərvər dövlət imici yaratmaq üçün müxtəlif bəyanatlar verir, ancaq əməldə isə təxribatlar edərək, fərqli bəhanələrlə sülh sazişi imzalanması prosesini uzadır".

 

Bu fikirləri informator.az-a açıqlamasında politoloq Azad Məsiyev bildirib. Politoloq deyir ki, Paşinyanı hakimiyyətə gətirən qüvvələr Paşinyan vasitəsi ilə Cənubi Qafqazda öz siyasi maraqlarını həyata keçirmək istəyirlər.

 

"Bu baxımdan da Avropa birliyi adına Almaniya və Fransanın müşahidə qrupu şərti sərhəddə yerləşdirildi. Bu, şərti sərhəddə yerləşdirilən müşahidəçilərin əksəriyyəti keçmiş hərbiçilərdir".

 

Müsahib nəzərə çatdırıb ki, ABŞ-ın Ermənistandakı səfirliyi belə bir bəyanat yaydı ki, Amerika vətəndaşlarının sərhəd bölgəsinə getməməsi barədə müraciət edilib.

 

"Bu müraciətin əsas məqsədi, onlar sərhəddə baş verə biləcək gərginliyi ehtimal edirdilər. Sərhəddə son gərginliyin yaranması Ermənistanın əsas düşünülərək həyata keçirilən təxribatının əsas tərkib hissəsidir ki, beynəlxalq aləmdə diqqəti yenidən sərhədə yönləndirsin. Avropa rəsmiləri də Ermənistan Xarici İşlər Nazirliyi ilə görüşündə də Azərbaycan əleyhinə bəyanatlar səsləndirir, yəni təxribat baş verməlidir ki, Azərbaycana qarşı növbəti təzyiq kompaniyasına başlasınlar".

 

Azad Məsiyev vurğulayıb ki, Fransa və Qərb açıq şəkildə Ermənistanı silahlandırırlar və bu silahlandırma gələcəkdə müharibə şəraiti yaratmağa hesablanılıb.

 

"Ermənistan təcavüzkar dövlət olduğuna görə, Ermənistanın silahlandırılması heç bir normaya uyğun deyil. Paşinyanı himayə edən dairələr Cənubi Qafqazda sülhün olmasını istəyirlərsə, Paşinyana təzyiq göstərməlidirlər ki, sülh sazişi imzalasın. Təəssüflər olsun ki, Qərb Cənubi Qafqazda stabilliyi pozmaqda maraqlıdır. Və bu baxımdan Paşinyanı həm siyasi, həm hərbi, həm də iqtisadi cəhətdən gücləndirirlər. Son vaxtlarda atəşkəsin pozulması Azərbaycanın növbəti təzyiq kompaniyasının başlanmasına hesablanan tədbirdir ".

 

Politoloq həmçinin qeyd edib ki, Ermənistan növbəti dəfə atəşkəsi pozarsa, Beynəlxalq Hüquq Prinsiplərinə, BMT Nizamnaməsinə əsasən Azərbaycan özünü müdafiə hüququndan istifadə edə bilər.

 

"Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti televiziya jurnalistlərinə müsahibəsi zamanı bildirdi ki, istənilən təxribatın qarşısı alınacaq və kəskin cavab veriləcək" .

 

Azad Məsiyev sonda qeyd edib ki, Ermənistan bu cür təxribata əl atmamalıdır çünki, münaqişə böyüyərsə, ən çox əziyyət çəkən Ermənistan olacaq .

 

Tehran Yusifli