Britaniya və ABŞ husilərin obyektlərinə zərbələr endirib-Politoloq ŞƏRH EDİR

Bölmə: Siyasət › ,
Tarix: 11:19 15.02.2024

Böyük Britaniya və ABŞ silahlı qüvvələri Yəməndə husilərin obyektlərinə iki yeni zərbə endirib.

Bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Bildirilib ki, Əl-Hodeyda əyalətindəki Əl-Cabban ərazisi hücuma məruz qalıb.

 

Mövzunu şərh edən politoloq Natiq Miri informator.az-a açıqlamasında bildirib ki, husilər Qırmızı dənizdən keçən ticarət gəmilərinə hücum edirlər, gəmiləri işğal edib Yəmənin limanlarına çəkir və yaxud bu ticarət gəmilərini raketlərlə vururlar. Əlbəttə ki, bu husilərin gücü deyil, bunun arxasında duran İran amili var. 

 

"Bu roketlərin istehsalı və təminatı məhz İran dövlətindən gəlir, yəni İran bu gün proksi qüvvələr vasitəsiylə dünyanın güc mərkəzlərinə qarşı dirəniş göstərir, bu, Suriya, İraq və Yəməndə, hətta Livanda da belədir. Çünki Livan Hizbullah kimi İranın maraqlarına xidmət edən müəyyən qruplaşmalar var ki, zaman zaman bu qruplaşmalar vasitəsiylə İsrailə qarşı müəyyən hücumlar həyata keçirirlər".

 

Politoloq qeyd edir ki, ABŞ və Böyük Britaniya qlobal səviyyədə ticarətə əngəl olan husi qruplaşmasının bütün hərbi strateji obyektlərini bombalıyaraq zərərsizləşdirməklə ən azından Qırmızı dənizdə gəmi ticarətinin təhlükəsizliyini təmin etmək istəyirlər. 

 

"Bu məsələdə ABŞ və Böyük Britaniyanın geosiyasi maraqları da var, çünki bu hadisə dolayısıyla həmin güc mərkəzlərinə regionda istər Aralıq dənizində, istərsə də Qırmızı dənizdə bütün prosesləri öz nəzarətində saxlamaq imkanı verməklə bərabər mövcud olma imkanı verir. Ona görə də düşünürəm ki, bu təhlükəsizlik yəni gəmiçilik və ticarət sərbəst noviqasiyanı təmin etmək üçün ABŞ və Böyük Britaniya husilərə öz hücumlarını davam etdirəcək, ancaq bu məsələ sadəcə havadan bombardumanla yəni qırıcı təyyarə və roketlərlə həll olnunacaq bir məsələ deyil".

 

Natiq Miri düşünür ki, ABŞ və Böyük Britaniya husilərə qarşı deyil, əgər belə bir müharibə həqiqətən hədəfdədirsə, daha doğrusu bütövlükdə qlobal ticarətə olan təhlükəni aradan qaldırmaq lazımdırsa, bu proksi qüvvələrin arxasında olan dövlətə qarşı müəyyən hərbi əməliyyatlara ehtiyac var, ancaq bunu ABŞ və Böyük Britaniya etmək istəyirmi?!

 

"Yəni dövlət rəsmilərinin açıqlamalarından görünür ki, ABŞ birbaşa İranla hərbi münaqişəyə girmək istəyində deyil. ABŞ regionda da müəyyən terrorçu qruplar vasitəsiylə Suriyada öz varlığını davam etdirir, yəni Suriyanın şimalında mövcud olan PKK terrorçuları vasitəsiylə regionda öz varlığını, geosiyasi maraqlarını təmin edir. Ona görə də belə bir potensial böyük bir müharibəni mən gözləmirəm".

 

Politoloq əlavə edir ki, ABŞ regionda bütün prossesləri öz nəzarətində saxlamaq, eyni zamanda İsrailin təhlükəsizliyini təmin edə bilmək, israilə qarşı olan qüvvələr üçün çəkindirici məqam olması üçün varlığını bu regionda və dənizlərdə qalmaqda davam etdirəcək. 

 

"Əsas niyyət bundan ibarətdir. Hələlik İsraillə Həmas arasında müharibə də bitmədiyi üçün düşünürəm ki, bu cür bombardmanlar onların varlığına müəyyən mənada hüquqi təminatdır".

 

Samirə Musayeva