Quraq havanın kənd təsərrüfatına təsiri-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 12:34 15.02.2024
Son günlər ölkə ərazisində hava şəraiti mövsümə uyğun olmayaraq əsasən yağmursuz və isti keçir.
Havanın quraq və günəşli keçməsinin kənd təsərrüfatına mənfi təsirləri nələr olacaq?
Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov informator.az-a açıqlama edib.
"Hazırda respublikanın rayonlarının müxtəlif torpaq-iqlim şəraitində cari ilin məhsulu üçün payızlıq taxıl əkinlərinin becərilməsi istiqamətində zəruri aqrotexniki tədbirlər yerinə yetirilir. Bununla yanaşı, yerlərdə məhsul istehsalçıları meyvə bağlarında qulluq işləri həyata keçirirlər, eləcə də tarla bitkilərinin yazlıq əkinlərinin aparılması ilə bağlı hazırlıq işləri görürlər".
Müsahibin sözlərinə görə, əkin sahələrində kənd təsərrüfatı bitkilərinin becərmə texnologiyalarına uyğun olaraq aqrotexniki qulluq işlərinin vaxtında və düzgün yerinə yetirilməsi cari ildə sahələrdən bol və keyfiyyətli məhsul alınmasına yaxşı zəmin yaradır.
"Qeyd olunanlarla yanaşı, kənd təsərrüfatı sahəsində məhsul istehsalı əsasən təbii amillərdən, o cümlədən iqlim şəraitindən asılı olur ki, bu amillər də son nəticədə məhsuldarlığa və məhsul istehsalının həcminə təsir göstərə bilir".
İmran Cümşüdov bildirir ki, son günlər respublika ərazisində qeyri-sabit keçən hava şəraitinin (yağıntıların az miqdarda düşməsi və temperaturun yüksəlməsi) bu vəziyyətdə bir müddət davam etməsi kənd təsərrüfatı bitkilərinin böyüməsi və inkişafına, nəticə etibarı ilə məhsuldarlığa öz mənfi təsirini göstərə bilər.
"Xüsusilə qeyd etmək lazımdır ki, hava şəraiti bu vəziyyətdə davam edərsə, respublikanın rayonlarında 2024-cü ilin məhsulu üçün səpin aparılmış payızlıq taxıl əkinlərinə, o cümlədən dəmyə şəraitində aparılan əkinlərə mənfi təsir göstərər və taxıl bitkilərində stres vəziyyət yarana bilər. Həmçinin belə vəziyyət olarsa, bitkilərin vegetasiya müddətlərinin normal keçməsi üçün lazımi şərait yaranmır".
İmran Cümşüdov deyir ki, eyni zamanda havalar uzun müddət quraq keçərsə, dəmyə şəraitində aparılan əkinlərdə, torpaqda nəmlik çatışmazlığı müşahidə olunar.
"Bu hal bitkinin kök sisteminin inkişafının qarşısını almaqla onun normal böyüməsinə və inkişaf etməsinə imkan verməz".
Müsahib qeyd edir ki, bununla yanaşı, bu cür vəziyyət əkin sahələrində zərərli orqanizmlərin inkişaf etməsinə, xüsusilə siçanabənzər gəmiricilərin sürətlə artmasına şərait yaratmaqla, gəmiricilərin taxıl sahələrinə ciddi ziyan vurması ilə nəticələnə bilər.
"Bu halda taxılın becərmə texnologiyasına uyğun olaraq zəruri aqrotexniki tədbirlərin yerinə yetirilməsi, xüsusilə stress vəziyyətinə düşmüş bitkilərin vəziyyətdən çıxarılması üçün əlavə tədbirlərin görülməsi, eləcə də mütəmadi olaraq fitosanitar vəziyyətin nəzarətdə saxlanılması, nəticəsinə uyğun olaraq mübarizə tədbirlərinin, xüsusilə kimyəvi mübarizə tədbirlərinin aparılması vacib hesab olunur".
İmran Cümşüdov sonda qeyd edir ki, suvarma şəraitində aparılan taxıl əkini sahələrinin suvarılmasına ehtiyac yaranır.
"Havaların isti keçməsi şəraitində çoxillik əkin sahələrinə, o cümlədən meyvəçiliyə də mənfi təsir göstərə bilər. Bu vəziyyətdə meyvə ağaclarında tumurcuqların tez oyanması halları baş verir ki, sonradan havaların soyuq keçməsi həmin tumurcuqların məhv olmasına səbəb olur. Nəticədə isə məhsuldarlıq olduqca aşağı düşür".
Gülay Qəribova