Elektron siqaretin fəsadları-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 12:57 15.02.2024
Son illərdə gündəmdə olan və dünyanın bəzi ölkələrində qadağası davam edən elektron siqaret istifadəsi gənclər arasında virus kimi yayılır.
Qısa zaman kəsiyində bu qədər populyarlıq qazanan bu cihazın tərkibi nə olduğu və insan orqanizmi üçün nə kimi təhlükələrin daşıyıcısı olduğu maraq mövzusudur.
Terapevt Zakir Quliyev elektron siqaretlərin sağlamlığa təsirləri barədə informator.az-a açıqlama edib.
"Elektron siqaretlərin son vaxtlarda istifadəsi Ümumdünya Səhiyyə Təşkilatını ciddi şəkildə narahat edir və bununla əlaqəli ciddi araşdırmalar gedir. İlkin araşdırmalar nəticəsində elektron siqaretlərin normal siqaretlərə müqayisədə daha zərərli olduğu, bəzi xərçəng növlərini normal siqaretdən daha çox artıra bildiyini göstərdi".
Terapevt bildirir ki, buna görə də, bəzi ölkələrdə artıq elektron siqaretin istifadəsinə qəti şəkildə qadağa qoyulur.
"Xüsüsən ağız boşluğu xərçəngləri, ağciyər xərçəngi riski daha çoxdur. Hətta sonsuzluğa qədər gətirib çıxara bilən ciddi fəsadlarının olduğunu göstərən elmi sübutlar var".
Zakir Quliyev qeyd edir ki, elektron siqaretin fəsadları bununla bitmir.
"Ürək-qan-damar sistemi üzərinə ciddi şəkildə fəsadları olduğunu sübut edən elmi araşdırmalar var. Təəssüflər olsun ki, bəzi insanlar tərəfindən elektron siqaretlərin normal siqaretlərə görə daha məsum olduğunu düşünür, fəqət belə deyil.
Elmi araşdırmalar göstərir ki, elektron siqaretlər, normal siqaretlərdən daha zərərlidir".
Bununla bağlı elektron siqaret istifadəçisi olmuş bir gəncin də münasibətini öyrəndik. Onun sözlərinə görə, elektron siqaret öskürək, sinə ağrısı və nəfəs darlığı kimi problemlər yaradır.
"Özüm elektron siqaret istifadəçisi idim . İlk öncə başlama səbəbim o oldu ki, siqareti tərgitmək üçün faydalı olduğunu eşitdim. Siqareti tərgitmək üçün alıb istifadə etdim. Həm siqaret kimi qoxu vermirdi, həm də müxtəlif dadlarda idi. Lakin heç bir köməyi olmadı".
Müsahib bildirir ki, elektron siqaretlərin tərkibində nikotin olduğu üçün nikotin asılılığı yaradır.
"Həmçinin ağciyərlərə, dişlərə, ürəyə və digər orqanlara da ziyan vurur. Eyni zamanda öskürək, sinə ağrısı və nəfəs darlığı kimi problemlər üzə çıxarır. Hətta partlayışa da səbəb ola bilər. İndiki gənclərə də tövsiyəm odur ki, bu cür vasitələrə aldanıb cavanlıqlarını, sağlamlıqlarını məhv etməsinlər".
Gülay Qəribova