Dil öyrənmək üçün nələrə diqqət etməliyik?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 15:33 15.02.2024
"Dil öyrənmək vaxt sərfiyyatından yox, faydalı iş əmsalından asılıdır. Gündə normalda 2-3 saat öz üzərində işləmək gərəkdir. Reflektiv məşqlər etmək lazımdır".
Bu sözləri informator.az-a açıqlamasında poliqlot Emin Quliyev söyləyib. Poliqlot bildirib ki, ümumiyyətlə bir-birinə yaxın olan dilləri öyrənməyin asan olduğunu düşünmək yanlışdır.
"Çünki beyin düzgün alqılamır və qarışdırır. Yaxın dillərdənsə bir-birinə yaxın olmayan dilləri paralel öyrənmək yaxşıdır. Amma təcrübəsi olan dilçi yaxın dilləri öyrənərkən daha rahat mənimsəyir, nəyinki təcrübəsi olmayan insan".
Müsahib qeyd edib ki, dil öyrənməyin özü də xüsusi vərdiş formasıdır.
"Bu vərdiş 2-3 dil öyrəndikdən sonra əmələ gəlir. Ona görə də yaxın dilləri öyrənərkən daha rahat mənimsəmək məsələsi sırf dilçinin təcrübəsindən asılıdır. Məsələn: İtaliyan, ispan, fransız və portuqal dilləri, ingilis və alman dilləri eyni zamanda slavyan dilləri qrupunun hamısı bir-birinə yaxındır. Amma burada təcrübə önəmlidir. Dil öyrənmək üçün önəmli olan kitab deyil. Vacib olan dil öyrənən insanın prosesi anlamasıdır. Çünki prosesi normal şəkildə apardığı anda önünə çıxan hər bir material ona faydalı ola bilər".
Emin Quliyev əlavə edib ki, yalnız kinoyla dil öyrənmək də mümkündür.
"Hətta 2 film kifayətdir ki, dili normal öyrənəsən. Amma burada film izləyərkən sadəcə altyazılara baxmaq kifayət deyil. Bütün filmi əzbər bilmək lazımdır. Filmə baxa-baxa mövzuya hakim olmaq, oradakı sözlərin anlamını bilmək önəmli şərtdir".
Poliqlot sonda vurğulayıb ki, mənim üçün sıfırdan başlamaq deyə bir şey yoxdur.
"Mən bu fundamental yanaşmaya pis baxıram. Bunu normal qəbul etmirəm. A-dan Z-yə olan metod düzgün deyil. Çünki insan öyrəndiyi hər hansı bir şeyi ilk gündən bütöv görməyə çalışmalıdır. Təsəvvür edin ki, ümumi tablosunu görmədiyiniz sökülmüş bir mozaikanı sizdən yığmağınızı istəyirlər. Əgər siz nə yığacağınızı bilmirsinizsə, onu necə yığa bilərsiniz? Ona görə də həmişə dili bütöv şəkildə görmək lazımdır".
Səkinəbəyim Cəfərova