Ata-anasını öldürən Əhmədin həqiqətən psixoloji problemləri var?-Psixoloqdan AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 16:05 15.02.2024

Ailənin beş üzvünü amansızlıqla öldürməkdə təqsirləndirilən 25 yaşlı Əhməd Əhmədovun psixi problemləri olduğu deyilir. Yayılan məlumatlara görə, təqsirləndirilən Əhməd Əhmədovun psixiatrik xəstəxanada qeydiyyatda olduğu və müalicə aldığı müəyyən edilib.

 

Məsələ ilə bağlı psixoloq Samirə Bağırova İnformator.az-a açıqlamasında bildirib ki, Əhmədin dəqiq psixi probleminin olub-olmadığını psixoloq və psixiatrik müayinədən keçsə, məlum ola bilər. Bu da əgər rüşvətlə uydurma xəstəlik yazılmasa, bəlli ola bilər.

 

"Buna bənzər hadisələr ölkədə bir neçə dəfə baş verib və məsələlər istər həkim, istərsə də polis vasitəsilə rüşvətlə bağlanıb. Qatil bir müddət xəstəxanada yatır, sonra azadlıqda gəzir". 

 

Psixoloq qeyd edir ki, əgər qatil, hadisəni törətdikdən sonra sağlam, adekvat hərəkətlərə yol verirsə, adaptasiya olursa, yəni ruhi xəstə davranışı yoxdursa, bu bilərək törədilmiş cinayətdir. 

 

"İllərlə içində daşıdığı inciklik, aqressiya intiqama çevrilib. Spirtli içki, yaxud narkotik maddə istifadə olunubsa, cinayəti törətməyə aqressiya təkan verir". 

 

Samirə Bağırova bir məqamıda bildirir ki, bu tip insanlar əsasən asosial, bacarıqsız, qorxaq, işləməyə, oxumağa meyilli olmayan, heç bir şeyə həvəsi olmayan, yalnız ailə içində, kiçik çevrəsində ondan çəkinənləri, qonşulardan abır edənləri hiss edərək üstünə gedər, mübahisələr, davalar yaradaraq manipulyasiya edər, hər kəsi borclu çıxarar zamanla, sonda cinayəti törədər. 

 

"Bir insan qətl törətdikdə, onu dəfələrcə beynində düşünür, hətta dilə də gətirir, sonra kiçik bir təkanla hansısa sözün yaxud maddə istifadəsinin təkanından davranışda göstərir. Anidən, birdən-birə qətl törədilmir". 

 

Samirə Bağırova son olaraq aramızda yetəri qədər azadlıqda gəzən qadın və kişi qatillərin var olduğunu, rüşvətlə məsələni bağlayıb, süni xəstəlik kağızı alıb gəzdiklərini vurğulayır.

 

 

 

 

Çimnaz Məmmədova