Sağlam dəri sağlam bədəndə olur -Kosmetoloqdan açıqlama
Bölmə: Sosial › ,Tarix: 16:50 15.02.2024
"Sağlam dəri sağlam bədəndə olur". Bu sözləri informator.az-a açıqlamasında həkim-kosmetoloq Leyla Məmmədova deyib.
Kosmetoloq bildirib ki, hər insan simasının gözəlliyini, təmizliyini qoruyub saxlamalıdır.
"Ümumiyyətlə sağlam dəri sağlam bədəndə olur. Əgər daxili orqanlarda hər-hansı bir problem varsa bu özünü simamızda büruzə verir. Məsələn, mədə-bağırsaq sistemi xəstəlikləri, yeniyetməlik dövründə və.s kimi müəyyən hallarda üzün müxtəlif yerlərində sızanaqlar, aknelər əmələ gəlir".
Leyla Məmmədova qeyd edib ki, sızanaqlara qətiyyən mexaniki təsir etmək olmaz.
" Sızanaqları mütləq mexaniki təsirlərdən qorumaq lazımdır. Əgər hansına mexaniki təsir olarsa həmin infeksiyanın əhatə dairəsi genişlənir bu da müəyyən çapıqların əmələ gəlməsinə səbəb olur. Bu kimi problemlərin qarşısını almaq üçün vaxtında həkim-kosmetoloqa müraciət etmək , yaranma səbəbini araşdırmaq və müalicə almaq lazımdır".
Kosmetoloq tonal kremlərdən istifadənin dərinin erkən yaşlanmasına səbəb olduğunu vurğulayıb.
"Vaxtından əvvəl tonal kremlərdən istifadə dərinin erkən yaşlanmasına səbəb olur. Makyaj edilən günün axşamı mütləq makyajı üzdən təmizləmək lazımdır sonra isə mütləq nəmləndirici kremlə nəmləndirmək lazımdır".
Aydan İsayeva