Sürücülük vəsiqəsi, yoxsa “pul tələsi”? -Şərtlər dəyişsin!
Bölmə: Sosial › ,Tarix: 19:54 15.02.2024
Fevralın 13-də Xətai rayonunda anasını, atasını, qardaşını, bacısını və onun övladını qətlə yetirən Əhməd Əhmədovla bağlı məlum olub ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərib.
Ona sürücülük vəsiqəsi verilərkən psixoloji vəziyyətinin nəzərə alınmaması, onun avtomobil idarə etməsi isə maraqlı məqamlardır.
Sürücülük vəsiqəsinin verilməsi prosesiylə bağlı mənfi halların aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?
Bu barədə İnformator.az- a açıqlama edən nəqliyyat eksperti Rauf Ağamirzəyev burada bir neçə məsələnin olduğunu vurğulayıb.
"Taksi sürücüsü kimi işləməsi məsələsinə gəldikdə taksi sahəsi islahata gedən sahədir və orada qeyri-qanuni sərnişin daşınmanın daha çox olması bu islahatları gündəmə gətirdi, lisenziya, sərnişin və yük daşıyanların icazələrinin bir ildən yeddi ilə qədər qaldırılması ilə bağlı silsilə tədbirlər görülür və bu cür halların aradan qaldırılması, sürücülərin sürücülük vərdişlərinin təkmilləşdirilməsi, müasir texnologiyalar ilə tanış olmaları üçün təlimlərə cəlb olunmalar var.
Qeyd olunan iddiaya əsasən, taksi fəaliyyəti ilə məşğul olmanın qeyri-qanuni sərnişindaşıma kimi adlandırılması daha doğrudur. Çünki bu tələblər gündən-günə sərtləşir, yəni kim taksi sürücülüyü ilə məşğul olursa, mütləq təlimlərdən keçməlidir və bu proses davam edir".
Ekspert sürücülük vəsiqəsiylə bağlı prosesin təkmilləşdirilməli olduğunu qeyd edir.
"Sürücülük vəsiqəsinin alınmasıyla bağlı sərt tələblər qoyulmalıdır və bir Data bankı yaradılmalıdır ki, müəyyən hadisələr olanda buna uyğun olaraq adekvat qərarlar verilə bilsin. Həbsə düşübsə, hansı səbəbdən düşdüyü, psixoloji vəziyyətinin necə olduğu önəmlidir və ən mütərəqqi dünya təcrübəsini yerli mühitə uyğun olaraq təkmilləşdirilib tətbiq olunmasına ehtiyac var.
Biz zaman keçdikcə görürük ki, müəyyən qaydalar dəyişir, amma təəsüflər olsun ki, ümumi vəziyyət o qədər də yaxşı deyil. Yəni sürücülük vəsiqəsinin alınması şərtlərinə təkrar baxılmasına ehtiyac var".
Rauf Ağamirzəyev sərnişindaşıma ilə bağlı dəyişən qaydaları da nəzərə çatdırıb:
"Zaman-zaman sərnişindaşıma ilə bağlı tələblərdə müəyyən qaydaların dəyişdi, sürücülərlə bağlı yaş həddi artırıldı, müvafiq olaraq 21-65 Azərbaycan vətəndaşları sərnişindaşıma tələblərinə uyğundursa, "D" və "E" kateqoriyası varsa, onlar avtobus idarə edə bilər, taksiylə bağlı da buna oxşar tələblər var, ancaq taksi bazarında son illər qeyri-qanuni sərnişindaşımanın artmasıyla əlaqədar neqativ hallar da müşahidə olunurdu.
Ümumi olaraq, ölkədə 1 milyon 700 minə qədər sürücülük vəsiqəsi olan sürücü var. Bu saya həm peşəkarlar, həm də qeyri-peşəkarlar daxildir".
Müsahib bu prosesə yenidən baxılmasına ehtiyac olduğunu düşünür.
Nəzrin Mirzəyeva