Qazlı içkilərin zərərləri-Ekspert AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 22:57 15.02.2024

Son dövrlərdə qazlı içkilərə olan tələbat artıb. Hətta bəzi insanlar qazlı içkilərdən gündəlik və ya su əvəzinə mütəmadi istifadə edirlər. Bəs bu içkilərin orqanizmə nə kimi zərərləri var?

 

Bu barədə Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova "İnformator.az"-a açıqlama verib. Ekspert bildirib ki, qazlı içkilərin zərərləri 25 yaşa qədər olan insanlara daha çox zərər verir. 

 

"Bu onunla əlaqəlidir ki, inkişaf prosesi 25 yaşa qədər gedir və bu yaşda daha çox kimyəvi qatqı maddələriylə zəngin olan qazlı içkilər, eyni zamanda həm qida boya maddələridir. Həmin qida boya maddələri və xüsusilə də qazlı içkilərin tərkibindəki natrium-benzoad maddəsi var ki, bu sırf boya maddəsi ilə eyni zamanda meyvə şirələri şəklində satılmış həm qazlı şəkildə, həm adi suların tərkibindəki C vitamini ilə və askarbin turşusuyla birlikdə reaksiyaya girərək ölümcül xəstəliklərin yaranmasına, əqli inkişafdan geri qalmağa və bir çox xəstəliklərin yaranmasına səbəb olur".

 

Məhsəti Hüseynova qazlı içkilərin törətdiyi xəstəliklər barədə məlumat verib.

 

"Bu içkilər ürək-damar xəstəlikləri riskini daşıyır. Həmin qazlı içkilərin tərkibindəki kofein həm aqressivliyə, həm də diqqət yayılmasına səbəb olur. Tərkibində həddindən artıq şəkər olduğu üçün gün ərzində insan orqanizminə lazım olan şəkərdən həddindən artıq çox şəkər qəbulları etdikləri üçün orqanizmin şəkər balansı pozulur və həm piylənməyə, həm də orqanizmdə şəkər balansının pozulması, insulin diləncinin yaranmasına gətirib çıxarır. Bu gün Amerikada bir çox araşdırmalar göstərir ki, piylənmədən əziyyət çəkən insanların əsas səbəbləri qəbul etdikləri fastfood, mənşəyi bəlli olmayan qidalarla birlikdə qazlı içkilərin qəbul olunmasıdır ki, bu da digər fəsadların yaranmasıdır. Eyni zamanda plastik qablarda yerləşməsi, günəş enerjisi altında qalanda yaxud xüsusi istiliyə məruz qaldıqda, yayda açıq havada qalanda, otaq temperaturunda 20-dən yuxarı dərəcə varsa plastikin tərkibindəki bisfenol A həmin içkinin tərkibinə keçir. Bu da birbaşa olaraq orqanizmə təsir edir və həmin qazlı maddələrin tərkibindəki kimyəvi maddələrlə reaksiyaya girərək xərçəngin yaranmasına səbəb olur".

 

Ekspertin sözlərinə görə, əgər bir stəkan qazlı içki içirsinizsə, bunun təxminən 120-140 kalori arasında enerji dəyəri var. Bunu enerjiyə çevirmək üçün ən azı 2500 addım sürətli şəkildə atılmalıdır ki, kalori enerjiyə çevrilsin və orqanizmə zərər verməsin, amma təəssüf ki, bunlara çoxları əməl etmir və diş sağlamlığına çox böyük zərər verir. 

 

"Qəbul olunan çox şəkər və kimyəvi qatqı maddələri birbaşa olaraq diş çürüməsinə səbəb olur. Çox miqdarda qazlı su içən insanların orqanizmindəki minerallar yuyulub gedir. Xüsusilə kalsium əriməsi baş verir ki, bu da oynaqlarda sümük, skelet quruluşunun pozulmasına gətirib çıxarır. Eyni zamanda tərkibindəki fosfor turşusu böyrəklərdə daşların yaranmasına səbəb olur. Bu da böyrək xəstəliklərinin böyük səbəblərindən biridir".

 

Müsahib sonda vurğulayıb ki, yaxşı olar ki, insanlar bu kimi içkilərdən birmənalı şəkildə uzaq dursun. Əgər istifadə edəcəksə, mütləq şəkildə qarşılığında 1-2 stəkan içdiyi qədər də su içsin.

 

Səkinəbəyim Cəfərova