Sülhün gecikdirilməsi və təxribat nədən xəbər verir?-Politoloq ŞƏRHİ
Bölmə: Siyasət › ,Tarix: 22:59 15.02.2024
"Ermənistan sərhəddə təxribatlarını davam etdirir. Təbii ki, bu, məqsədyönlü şəkildə həyata keçirilir. Sülh müqaviləsinin imzalanmasının gecikdirilməsi və bu müqaviləni pozmaq istəməklə yanaşı onun əlavə bir neçə məqsədi də var. Ermənistan iddia edir ki, o sülh müqaviləsinin imzalanmasını istəyir, amma buna baxmayaraq cəbhədə tamamilə bunun əksini sübut edən əlamətlər göstərərək hərəkət edir. Deməli o özünə sərf etməyən sülh müqaviləsini pozmağa çalışır".
Bu fikirləri "İnformator.az"-a açıqlamasında politoloq Əlimusa İbrahimov söyləyib. Politolaq qeyd edib ki, bu gün Ermənistana onun mənafeyinə xidmət edən sülh müqaviləsinin imzalaması haqqında xəbər verilsə, razı olar və sülh müqaviləsini imzalayar. Amma Azərbaycan təbii ki, Ermənistanın mənafeyini deyil, öz mənafeyini güdür və bu baxımdan çıxış edərək sülh müqaviləsini imzalamağı şərt qoyur.
"Bu da Ermənistanı qane etmir, ona görə də o, sülh müqaviləsini pozmağa cəhd edir. Amma təxribatlar törətməsində məqsəd təkcə sülh müqaviləsini pozmaq deyil, eyni zamanda başqa məqsədlərə də nail olmaqdır. Bu məqsədlərdən biri də dünyanın gözündən Azərbaycanı salmaq və arxasında duran Avropadakı himayədarlarını yenidən Azərbaycanın üstünə qaldırmaqdır. Çünki Ermənistan başa düşür ki, onun ən kiçik təxribatı Azərbaycan tərəfindən ciddi qarşılanacaq və o, bu istiqamətdə ciddi cəzalandırılacaq".
Əlimusa İbrahimov bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində baş verən təxribata toxunub.
"Bu, bir əsgərimizin yaralanması, Ermənistan tərəfindən isə 4 hətta deyilənə görə, 5 əsgərin ölümü ilə nəticələndi. Məhz Avropa İttifaqı Xarici Əlaqələr üzrə rəhbəri Cozep Borrel də bunu əsas götürərək Ermənistanı deyil, Azərbaycanı tənqid etməyə başladı. Deməli Ermənistanın törətdiyi bütün təxribatlar, atəşkəsi məqsədyönlü şəkildə pozması və s. Ermənistanın deyil Azərbaycanın günahlandırılması ilə nəticələnir. Və təbii ki, bunu Ermənistan da yaxşı başa düşür".
Politoloq eyni zamanda bildirib ki, Ermənistanın təxribat törətmək də digər bir məqsədi də bu təxribatı şişirtmək və yenə də Avropadakı himayədarlarını Azərbaycana qarşı qaldırmaqdır.
"Başqa bir məqsəd də odur ki, Ermənistan özünü yazıq günündə, Azərbaycanın qarşısında zəif gündə göstərsin və bununlada Avropa İttifaqından və Avropa ölkələrindən yardım umsun. O, hərbi sənayesinin inkişaf etdirilməsi və eyni zamanda ona madiyyat cəhətdən yardım edilməsi məqsədini güdür".
Əlimusa İbrahimov sonda vurğulayıb ki, Ermənistanın daxili siyasi vəziyyəti də bildiyimiz kimi son dövrlər gərginləşib və bu, prosesdə yumuşalma istiqamətində addımların atılmasına gətirib çıxara bilər.
"İstənilən halda Ermənistanın bu təxribatları ilə nə istədiyindən asılı olmayaraq Azərbaycan ona qarşı yönələn bütün təxribatlara lazımı səviyyədə, vaxtında cavab verəcək".
Banuçiçək Kalbalıyeva