Meyitdən orqan köçürülməsi günah sayılır?-Rəylər
Bölmə: Sosial › ,Tarix: 19:36 16.02.2024
Bütün dünyada olduğu kimi, Azərbaycanda da orqan çatızmazlığından əziyyət çəkənlərin və bu səbəbdən ölənlərin sayı az deyil. Bunun qarşısını almaq üçün orqan transplantasiyası həyata keçirilir.
Bəs meyitdən orqan köçürülməsi dində necə qarşılanır? Bu, günah sayılırmı?
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən İlahiyyatçı Ağa Hacıbəylinin fikrincə, dinimizə görə vəfat edən bir insan öz malını, dövlətini, sərvətini varislərinə miras qoya bilər.
"Bu, şəxsin mülkiyyətidir, öz sərvətini varislərinə paylamaq haqqı var. Bədənin əzaları insanın mülki deyil. Sadəcə olaraq bədən əzaları dinimizə görə insana verilən əmanətlərdir. Bu əmanətlərlə bazarlığa girmək olmaz. Məsələn, insanın öz böyrəyini alış-veriş predmetinə çevirməsi dində də haramdır. Amma könüllü qan verib başqa bir insanın həyatını qurtarmaq ayrı məsələdir. Müasir alimlərimizin də bu istiqamətdə fətvaları var. Kimsə ölümündən əvvəl müəyyən bir insanın həyatını xilas etmək üçün hansısa əzasını miras olaraq verə bilər. Lakin bunu alış-verişə çevirmək doğru deyil".
Eyni zamanda İlahiyyatçı Fazil Əhmədli "İnformator.az"a açıqlamasında din maariflərinin bu barədə fikirlərinə toxunub.
"Din maarifləri bu haqda belə yazır:
Əgər bir meyitin bədən üzvlərini ondan götürmək və başqasına bağışlamaq olar. Lakin iki hal var. Birinci hal odur ki, həmin meyitin vəlisinin icazəsi olmalıdır. İkinci hal belədir ki, həmin meyit bununla təhqir olunmasa, mümkündür. Təhqir olunmamaq o deməkdir ki, yəni meyitin bədən üzvləri təhqir olunması üçün çıxarılmır".
Vüqar Alışov