Hərbi qulluqçuların xidmət müddəti uzadılır?
Bölmə: Sosial › ,Tarix: 21:02 16.02.2024
Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb. Qanuna əsasən, zabit artıq 5 il deyil, vəzifələrində 10 illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla biləcək.
Məsələylə bağlı hərbi ekspert Azər Bayramov "İnformator.az"- a açıqlamasında bildirib ki, bu dəyişiklik hərbi qulluqçuların əsasən zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları üçün nəzərdə tutulur.
"Qəbul edilmiş qərar onların gəlirlərinə hər hansısa bir mənfi təsir etməyəcək. Öncədən olduğu kimi hərbi qulluçuların vəzifə maaşları, rütbə, məharət dərəcəsi və xidmət ilinə görə hesablanan faizlər hərbi qulluqçulara tam şəkildə ödəniləcək. Xidmət ili artdıqca bu məbləğlərin artdığını da müşahidə edəcəyik. Hərbi qulluqçu iyirmi təqvim ili xidmət etdikdən sonra pensiya hüququ qazanırdısa, artıq bu beş il artırılaraq iyirmi beş ilə çatdırılıb".
Ekspert əlavə edib ki, iyirmi il xidmət etdikdən sonra həmin hərbi qulluqçuların ümumi vəzifə maaşı və sözügedən əlavələr də hesablanırdı. Ardınca onun tam həcminin əlli faizi qismində pensiya təyin olunurdu. Azər Badamovun sözlərinə görə, indi isə bu, artırılan beş ildə hər ili 3 faizdən hesablanacaq. Ümumi 15 faiz və öncəki 50 faizin üstünə gəlinərək məhz iyirmi beş ildən sonra ümumi məbləğin 65 faizi qismində hərbi qulluqçuya pensiya təyin olunacaq.
"İkinci bir tərəfdən yeni dəyişikliklərə əsasən, cari ildə Heydər Əliyev adına Hərbi İnstitutda kursant adını qazanmış şəxslərin maddi və sosial rifahını qaldırılması yönündə ciddi addımlar atılır. Bildiyimiz kimi təkcə kursantların yox eyni zamanda onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması üçün təyin olunmuş məbləğlərdə həm özlərinə, həm də ailələrinə aylıq bu müavinət ödəniləcək . Əlbəttə, edilmiş bütün dəyişikliklər stimullaşdırıcı hal kimi qəbul edilməlidir və biz gələcəkdə də bunun nəticəsini görəcəyik".
Azər Abuşov