"Yeni yol" layihəsinin təqdimatı keçirilib
Bölmə: Sosial › ,Tarix: 21:40 17.02.2024
Fevralın 17-də "Aid group"da Bakı-Sumqayıt yoluna alternativ, paytaxt Bakının giriş-çıxış və digər ərazilərində tıxacın həllinə yönəlmiş "Yeni yol" layihəsinin təqdimatı keçirilib.
"İnformator.az" xəbər verir ki, slayd, video-animasiya və şəkillərlə çıxış edən layihə rəhbəri-nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov çəkiləcək yolun alternativlərindən danışıb.
"İlkin məbləğ olaraq 12 milyon manata, minimum 3 ilə başa gələcək layihənin reallaşdırılacağı ərazi landşaftına eləcə də coğrafi yerinə görə unikaldır. İnsanların həyat şəraitinin yaxşılaşdırılması, tıxacın aradan qaldırılması üçün vacibdir".
Tədbirin gedişində yolun keçdiyi ərazilərdən, Bakı şəhərinin baş planından, layihənin mərhələlərindən, yolun ekoloji faydasından, keçdiyi ərazilərdə torpaq və yaşayış evlərinin qiymətlərində artışın gözlənilməsindən, təklif metodlarından danışan Aslan bəy vurğulayıb ki, çəkiləcək yol Biləcəri və Masazır qəsəbələrinin və yaxın ərazilərin Nəsimi metrostansiyasına birbaşa çıxışını təmin edəcək.
Yolun salınmasına iqtisadi yöndən də yanaşan ekspert bildirib ki, coğrafi ərazi olaraq yolun dağ ətəyi yerdən keçməsi turistlərin də bu əraziyə axınını sürətləndirəcək.
Tədbirdə qonaq qismində media nümayəndələri və Bakı Dövlət Universitetinin tələbələri iştirak edib.
Sonda Aslan Əsədov KİV nümayəndələrinin suallarını cavablandırıb.
Banuçiçək Kalbalıyeva