Düşüncə-Aysel Nəcəfova yazır...
Bölmə: Sosial › ,Tarix: 12:15 19.02.2024
Yenə məni narahat edən düşüncələrdən qaçıram. Qaçdığım düşüncələrdən bir yalan uydurub ona sığınıram. Lakin özüm də bilirəm ki, öz-özümü aldadıram. Məni qovalayan düşüncələr bir dost kimi həqiqətləri üzümə vurur. Deyəsən, dostumdan inciyən kimi ondan da inciyirəm. O qovur, mən isə qaçıram.
"Niyə?" sualını özümə verməkdən çəkinirəm. Bəlkə də cavabını bildiyim üçündür. Şübhə ilə yanaşıram, sualları cavabsız qoyuram. Səhv cavab versəm, 4 səhv 1 düzü aparacaqmış kimi .
Həqiqətlə üzləşmək mənə uşaq vaxtından çətin gəlir. Bununla da əmin oldum ki, təkcə yalançılar həqiqətdən qaçmır, cəsarətsizlər, qorxaqlar da qaçarmış. Qaçmaq sadəcə zamanı uzatmaqdır. “Yalan ayaq tutub yeriməz” atalar sözü burda da özünü göstərir.
Məntiqlə düşündükdə görə bilərik ki, dürüst davranmaq insanı xoşbəxt edir. O zaman niyə dürüst davranmırıq ki? Qarşımızdakı insana dürüst davranıb itirməkdən qorxuruq. Amma anlamırıq ki, dürüst olmadığımız müddətcə onları yavaş-yavaş itiririk.
Güvənmirik. Çünki hər kəsin keçmişində, onu çox güvəndiyinə peşman etmiş biri var. İtirilən güvəni geri qaytarmaq çətin olur, bəzən isə mümkünsüz. Eynən çoxumuzun da hər dəfə nümunə gətirdiyi qırılmış stəkan kimi.
Güvənsizlikdən sonra içimizdə şübhə yer alır. Artıq bir nəfərə deyil, hər kəsə qarşı bu hissi silah kimi istifadə edirik. Sanki bizi bütün pis niyyətlərdən qoruyacaqmış kimi. Axı nə dərəcə də doğrudur ki, bizə qarşı xoş niyyətli birinə bu cür davranmaq? Psixologiyanın da sübuta yetirdiyi kimi nəyi sənə yaşadıblarsa, onu yaşatmağa çalışırsan.
Əziz oxucu, heç narsist insan necə olur, onun barədə düşünmüsən? Əgər həyat səni narsist insanlarla qarşılaşdırmayıbsa, çox güman ki, yox. Narsist insanı bu xarakterə gətirib çıxardan səbəb mütləq ki onun keçmişidir. Necə ki filmlərdə görürük, uşaqlığı olmayan insanların zamanla narsist olub, insanlara davrandığı kimi.
Həyatda, hər bir şeyin çarəsi olduğu kimi mütləq narsizimin də həlli yolu var. Bu cür insanların bizim sevgimizə, diqqətimizə ehtiyacı var. Onların yaraları sağalsa da, izi var. Bu iz həmişə onlara kim olduqlarını, həyatın onlara yaşatdıqlarını yaxud da yaşada bilmədiklərini xatırladacaq.
Bəs insanlıq haradadır? Niyə onu axtarmırıq. Onu axtarmadıqca, insanlıqdan, vicdandan uzaqlaşırıq. Halbuki bizi insan edən vicdan hissimizdir. Bütün xoşbəxtliklər insan olmaqdan keçir. Unutmaq olmaz ki, yaşatdığımız hər duyğu yaşayacağımız hər duyğunun təminatıdır.
Aysel Nəcəfova, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi