Dələduzlar yenə iş başında: Buna diqqət edin!

Bölmə: Sosial › ,
Tarix: 16:45 19.02.2024

"Məndən 20 manat tələb etdilər. Hətta müqavilə də imzaladılar. Dedilər ki, işə qəbul edilsən, əməkhaqqının yarısını verməlisən. Uzun müddət keçsə də, heç bir iş tapmadılar. Ödədiyim məbləği də geri qaytarmırlar”.

 

Bu sözlər sosial şəbəkələrdə işədüzəltmə şirkətləri ilə bağlı artan şikayətlərdən birindəndir.  Bu şirkətlərin fəaliyyəti ilə bağlı açıq qalan suallar hələ də həllini tapmayıb. Bəs insanlar necə etsin ki, bu cür fırıldaqçılığa qurban olmasınlar?

 

 “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov "İnformator.az"a açıqlaması zamanı məsələyə aydınlıq gətirib:

 

"Sosial şəbəkələrdə dələduzluq halları xeyli artıb. Ayrı-ayrı şirkətlər adamların etibarından sui-istifadə edirlər, aldadırlar, pullarını, əmlaklarını və s. ələ keçirirlər. Kiber dələduzlar şəbəkəsi həm Azərbaycandan, həm də  xaricdən idarə olunurlar, saxta hesablar vasitəsilə təmas qururlar.  Kiber dələduzların başlıca hədəfi budur: insanların etimadını qazanmaq, daha sonra yaranmış inamdan sui-istifadə etmək".

 

Müsahib bildirir ki, bu kimi cinayətlərin qurbanı olmamaqçün vətəndaşlar ayıq-sayıq olmalı, şirnikləndirici təkliflərə açıq olmamalıdır.

 

"İşəgötürən şirkətlər iş ilə bağlı təkilflər edirlər. İlkin mərhələdə çox olmayan məbləğ tələb edirlər. Saxta müqavilələr tərtib olunur, tərəflər imzalayırlar. Lakin sonrakı mərhələrdə hər hansı iş təminatı baş tutmur. Vətəndaşlar düşünürlər ki, tələb olunan kiçik məbləğlər onların iqtisadi durumuna təsir etməz. Yaxın perspektivdə iş tapacağı ümidi ilə kiçik məbləğləri dələduzlara verirlər, daha da  ağır durumlara düşürlər. Məsələn, kiber dələduzlar həvəsləndirici  təkliflər edirlər, iş təklifinin gerçək olması təsəvvürü yaradırlar. Vətəndaş da fərdi məlumatlarını, bank kartının rəqəmlərini dələduza təqdim edirlər, sonra isə əvvəldən yaradılmış saxta hesablara pul köçürməsi əməliyyatı icra edilir.

Bənzər təkliflər gəldikdə qərar verməyə tələsməməli, təcrübəli insanlarla, ətrafındakı vətəndaşlarla məşvərət edilməlidir. İnsanlar şübhə doğuran mesajları rədd  etməlidir, qətiyyən sosial şəbəkələr üzərindən, ya da zənglər zamanı fərdi məlumatlarını bölüşməməlidir".

 

Rüfət Səfərov deyir ki, dələduzluq cinayət qanunverciliyi ilə cinayət məsuliyyəti yaradır.

 

"Lakin bir çox hallarda cinayətkar şəbəkə ölkə xaricində fəaliyyət göstərir. Olduqları yeri, cinayətkarların dairəsini müəyyənləşdirmək çətinləşir, araşdırma, ya da istintaqı uğursuz edir, cinayət işi dayandırılır".

 

Gülay Qəribova