Ümidsiz ümidlər-Aysel Nəcəfova yazır...
Bölmə: Sosial › ,Tarix: 20:32 19.02.2024
Bu gün bir daha anladım ki, nəyi çox istəyiriksə, o bizim olmur. Nə qədər mübarizə aparsaq da, əlimizdən gələni etsək də, qismət hər zaman qalib gəlir. Bunun üçün xəyallarımızı azad buraxmalıyıq. Onları sahibləndiyimiz zaman itiririk. “Kiçik şəhzadə” kitabında deyildiyi kimi: "Sənə aid olan səni tapır".
Bəlkə də ən gözəli boş verməkdir. Hər kəsdən və hər şeydən uzaqlaşmaqdır. Heç kimə anlam yükləməməkdir. Çünki bu zaman özümüzə zərər vermiş oluruq, həddindən artıq fədakarlıq həddindən artıq vəfasızlıq gətirir.
Bu gün həyat məni yenə yanıltdı, yenə ümidimi əlimdən aldı. Hər dəfə də bu cür davam etmək çox çətindir, deyəsən, bu dəfə mümkünsüzdür. Artıq nə xəyal quracam, nə də o böyük arzuya çatmaq üçün cəhd edəcəm. Şairin də dediyi kimi ümiddən danışma, onu üzmüşəm…
Həyatı axarına buraxdığım mərhələdə "nə olursa, olsun" pilləsindəyəm. Sonuncu pilləyə gəlmək çox asan olmadı. Bəlkə də bu yarışın “qalib"i mənəm.
Həmin o səssizliyə qapıldığım dönəmdəyəm. Nə kimsə məni incidə, nə də kimsə məni xoşbəxt edə bilər. Hər ümid etdikcə həyatın şilləsini öz üzündə hiss edən birinə görə bu artıq normaldır. Necə ki dəmir döyüldükcə bərkiyir.
Bir dəfə müəllimimiz “Arzularınızın arxasınca qaçın, onlar yorulanda siz onlara çatacaqsınız” deyirdi. Qaçmaq gərəksizdir, qaçmaq ümid etməkdir. Behcet Necatigilin dediyi kimi: "Ya ümidsizsiniz, ya ümid sizsiniz".
Aysel Nəcəfova, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi