Uşaqlara ad qoyarkən diqqət edilməli nüanslar
Bölmə: Sosial › ,Tarix: 21:06 19.02.2024
Ad seçmək məsələsi körpə dünyaya gəlməzdən əvvəl ən çox danışılan mövzulardan biridir. Bəzi valideynlər körpələrinə ata-anasının və ya nənə-babasının adını qoymağa üstünlük versə də, bəziləri daha müasir adlar axtarır. Ad insanın cəmiyyətdə və sosial çevrədə fərqləndirən, insan şəxsiyyətinin inkişafı və aidiyyət hissi üçün böyük əhəmiyyət kəsb edən önəmli nüansdır . Bu səbəbdən ad seçərkən bəzi məqamlara diqqət yetirmək lazımdır.
Mövzu ilə bağlı psixoloq Ülviyyə İlqar "İnformator.az"a açıqlamasında bildirib ki, adların həyatımıza təsiri olduqca dərindir və adı insan ömür boyu daşıdığı üçün ad seçimi önəmlidir:
"Adlar insanların kimliklərini, mədəni kontekstlərini və sosial mövqelərini əks etdirə bilər. Valideynlər ad seçərkən çox tərəddüd yaşayırlar. Günümüzdə fərqli adlar qoymaqla əslində valideynlər öz şüuraltı informasiyalarını uşaqlara ötürmüş olur. Valideynlər fərqində olmasa da, övladları üçün seçdikləri ad fərdin özünün əsasını təşkil edir. Nəticə etibarilə doğru seçilməyən adlar ya başqalarının lağ etməsi ya da özünün adını heç vaxt bəyənməməsilə fərdin özgüvənini zəiflədir ".
Psixoloqun fikrincə, adlar dəyərsizlik, narsisizm və s. yansıda bilər:
" "Ziqmund Freyd "Totem və Tabu" kitabında adların şüursuz intellektual fəaliyyətlərdə iştirak etdiyini vurğulayır. O qeyd edir ki, ad verən şəxslərin şüursuz fəaliyyətləri adların qoyulmasında rol oynayır.
Siz uşağa Nur adını nurlu, işıqlı mənasında qoyarsız, amma uşağın xarakterində bu başqa yansıma ilə özünü göstərə bilər. Nur ətrafına işıq saçar və bir də baxar ki, verdiyi "işığı" almadan yalnız özünü qurban verir, bu isə onun münasibətlərində tarazlığı pozacaq. Siz uşağa Ədalət adını ədalətli olsun deyə qoysanız, uşaq daim ədalətli olmalı olduğu situasiyalarla qarşılaşar".
Ülviyyə İlqar son olaraq vurğulayıb ki, uşaqlara ad qoyarkən dərindən araşdırılması məqsədə uyğundur.
Aydan İsayeva