Türkiyə məktəblərində bu bayramların keçirilməsinə qadağa qoyuldu
Bölmə: Sosial › ,Tarix: 15:46 20.02.2024
Türkiyə hakimiyyəti özəl məktəblərdə türk milli dəyərlərinə zidd olan bayramların, məsələn, “hellouin”, milad və digər bayramların keçirilməsini qadağan edib.
“Özəl məktəblərdə türk xalqının milli-mənəvi, humanitar, mədəni dəyərlərinə zidd olan, şagirdlərin psixososial inkişafına töhfə verməyən tədbir və şənliklərin keçirilməsi qadağandır”, - deyə qərarda bildirilib.
Bəs, ölkəmizdə təhsil sistemində belə qərar verilməlidirmi ?
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi "İnformator.az"a verdiyi açıqlamasında nəzərə çatdırır ki, bu kimi tədbir və bayramların keçirilməsi şagirdlərin psixologiyasında müsbət iz buraxmır:
"Türkiyənin təhsil sahəsində verdiyi qərar hesab edirəm ki, doğrudur. Ölkəmizdə də müvafiq olaraq milli məsuliyyətimizə, kimliyimizə yad olan tədbirlərin keçirilməsi doğru deyil. Bununla bağlı aidiyyatı qurumların öz qərarları olmalıdır. Bu kimi bayram və tədbirlər şagirdlərin psixologiyasına bir o qədər müsbət təsir etmir. Çünki bəzi simvollar, işarələr var ki, azyaşlı uşaqların psixologiyasında yaxşı iz buraxmır. Bizim cəmiyyətimiz üçün yad olan bəzi nüanslar var ki, əlbəttə, şagird psixologiyasına mənfi təsirləri var, onların keçirilməməsi daha məqsədə uyğundur".
Ekspert qeyd edir ki, öz milli bayramlarımızın, tədbirlərimizin-Novruz bayramı, müəllimlər günü, 8 Mart qadınlar gününün keçirilməsi şagirdlər üçün müsbət təsirlər göstərir:
"Eyni zamanda "44 günlük Vətən müharibəsi" ilə bağlı olan tədbirlərin keçirilməsi daha məqsədə uyğundur. Bizim təhsil sistemində belə qərarın verilməsi düzgün addım olar".
Azər Abuşov