Psixoloq seçərkən diqqət edilməli məqamlar

Bölmə: Sosial › ,
Tarix: 16:27 20.02.2024

Əvvəlki illərdə psixoloji xidmət sahəsində mütəxəssis az olsa da, indi bu sahə ilə məşğul olanlar günü-gündən artır. Bunun da dəyişən və gərgin dünyamızın yaratdığı bir sıra obyektiv səbəbləri var. 

 

Bu gün təkcə böyüklərin deyil, məktəblilər və azyaşlıların da psixoloq xidmətinə ehtiyacları var. Bu səbəbdən son illərdə psixologiya sahəsi xeyli məşhurlaşıb. Bəzən qazanc xətrinə qeyri-peşəkarlar da bu sahəyə üz tuturlar. Qiymətlər isə əl yandırır. Müxtəlif problemlərlə bağlı psixoloqlara üz tutanlar qiymətlərin büdcələrinə uyğun olmadığından şikayətlənirlər. Bəs, görəsən psixoloqların qəbul qiyməti nə qədər olmalıdır? Eyni zamanda psixoloq seçimi edərkən nəyə diqqət yetirilməlidir?

 

Bu haqda psixoloq Nizami Orucov "informator.az"a açıqlama verib. Psixoloq bildirir ki, insanlar peşəkarlar və qeyri-peşəkarları ayırd etməlidirlər:

 

"Bir psixoloq olaraq xidmət göstərə bilmək üçün, ən azı psixoloji təhsilin olmalıdır, minimum 4 il səviyyəsində. Halbuki, 4 il təhsil də bəzi ölkələrdə konsultasiyalar üçün kifayət etmir. 5-6 illik təhsildən söhbət getməlidir. Bundan əlavə, mentorların yanında təlimlər keçmək, onlardan dərs götürmək, onların yanında praktikaya sahib olmaq, daha sonra konsultasiyalara başlamaq lazımdır".

 

Nizami Orucov deyir ki, hər bir psixoloq qiymət təyin etməkdə azaddır və hər hansı bir məhdudiyyət yoxdur:

 

"Professional psixoloqlardan söhbət gedirsə, təbii ki, onların qiyməti nisbətdə yüksək olmalıdır. Psixoloqun konsultasiya zamanı çəkdiyi əziyyəti, konsultasiyaya hazırlıq üçün keçdiyi yolu və s nəzərdə tutmaq lazımdır. Ölkəmizdə ödənişə psixoloq var. Hətta 5-10 manata konsultasiya edən insanlar da görmüşəm, 20-30, 40-50 və daha yuxarı doğrusu, hər cür qiymətə rast gəlmişəm. Hər bir psixoloq öz qəbul qiymətini özü təyin etmə haqqına malikdir, kiminsə buna müdaxilə etmək haqqı yoxdur. İnsanlar da psixoloqların peşəkarlığını müşahidə etməli, o qəbul qiymətinə nə əldə edəcəklərinə nəzər yetirməlidirlər".

 

Gülay Qəribova