Həmcinsini alçaldan şagird: Məktəb məsuliyyət daşıyır?
Bölmə: Sosial › ,Tarix: 16:45 20.02.2024
Sosial şəbəkələrdə Bakıdakı 156 nömrəli məktəbin XI sinif şagirdinin məktəbdən kənarda yetkinlik yaşına çatmamış qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülər ciddi müzakirələrə səbəb olub. Sözügedən məktəbdən bildirilib ki, rəhbərlik və psixoloq şagird və valideyni ilə söhbət aparıb, müvafiq tədbirlər görüb. Hadisəni törədən şəxslər yetkinlik yaşına çatmadığı üçün məlum insident onların valideynləri ilə bağlı da hüquqi məsuliyyət yaradır.
Bulinq tətbiq olunan uşaqda yaranan travmanın səbəbkarı kimlərdir? Bəs bu kimi hadisələrdə məktəb məsuliyyət daşıyır?
Bu haqda Elm və Təhsil eksperti Cahid İmanlı "informator.az"a açıqlamasında bildirib ki, uşaqların təhlükəsizliyi nəyinki məktəb və "təhsil sistemi"nin, bütövlükdə dövlətin və cəmiyyətin ən prioritet məsələlərindən biri olmalıdır:
"Şübhəsiz uşaqların-bu konteksdə şagirdlərin vaxtının müəyyən hissəsinin məktəbdə keçməsi şagird tərbiyəsinin də ən önəmli hissəsinin məktəbin üzərinə qoyur. Bu gün uşaqların tərbiyəsinə, psixologiyasına, şəxsiyyət kimi formalaşmasına ailənin, sosial şəbəkələrin, bütövlükdə mühitin təsiri də çoxdur. Amma bir məsələ var ki, bu uşaqları həmin mənfi təsirlərdən də məhz məktəbin, müəllimin və düzgün təhsil sisteminin köməyi ilə islah etmək olar. Bunun üçün ilk növbədə də məktəb binasının məktəbin həyətinin və ümumilikdə məktəbin ətrafının təhlükəsizliyini təmin etmək əsas şərtdir. Şagird-uşaqda "məktəbin" qoruyucu, sahibləyici olması, lazım gələrsə hər mənada son sığınacaq yeri olması fikri aşılanmalıdır".
Cahid İmanlı sonda qeyd edir ki, əgər bugünkü məktəblər təhlükəsizlik mühitində həm təhsil, həm də əsl tərbiyə verməyi bacararsa, cəmiyyətdəki uşaqlarla bağlı neqativ hadisələrə daha az rast gələrik.
Gülay Qəribova