Azərbaycanda Tik Tok bağlanır ?

Bölmə: Sosial › ,
Tarix: 18:05 20.02.2024

TikTok sosial şəbəkəsinə qarşı ayrı-ayrı ölkələrin atdığı addımlara Avropanın bir sıra təsisatları da qoşulub. Aİ(Avropa İttifaqı) TikTokla bağlı rəsmi araşdırmaya başlayıb.

Aİ Komissiyası “TikTok” sosial media platformasının Rəqəmsal Xidmətlər Qanununun (DSA) qaydalarını pozduğu iddiasındadır. 

Bu halın Azərbaycanda da yaşanması gözlənilirmi ? Qayda pozuntularının qarşısının alınması üçün hansı tədbirlər görülməlidir ?

 

Media eksperti Səbuhi Abbasov "İnformator.az"a açıqlamasında bu məsələyə aydınlıq gətirərək nəzərə çatdırıb ki, birmənalı olaraq Tik Tok platforması Azərbaycanda bağlanmalı və ciddi araşdırmalar aparılmalıdır:

 

"Tək Tik Tok deyil, bütün sosial şəbəkələrlə bağlı həm Aİ, həm də digər təsisatlar müstəvisində ölçülər götürülməsinə başlanıb. Bir neçə il öncə Facebook platformasının sahibi Mark Zuckerbergin şirkətində yoxlamalar aparıldı, fake profillər və rəqəmsal xidmətin qanun pozuntuları ilə bağlı bütün nüanslar aşkarlandı və həmin məqamlar aradan qaldırıldı. Türkiyədə də bu cür hal yaşandı, Youtube və Twitter platformaları yeniyetmələrin formalaşmasına mənfi təsir göstərdiyi üçün bloklandı. Ancaq bir müddət sonra yenidən fəaliyyətə başladılar. Tik Tok platforması Azərbaycanda tamamilə nəzarətdən çıxıb".

 

Ekspertin sözlərinə görə, Tik Tok nəyinki rəqəmsal qanunları, ümumillikdə bütün mental qanunları aşaraq uşaq və yeniyetmələrin formalaşmasında çox ciddi şəkildə problem yaradır:

 

""Meta" şirkətinin müəllif hüquqları var ki, uyğun olmayan görüntülər paylaşıldıqda şirkət avtomatik olaraq bildiriş göndərir ya da hesab bloklanır. Ancaq Tik Tokda bu proses yoxdur, tamamilə sərhədsizdir. Eyni zamanda ən çox pul qazanılan platformalardan biri olduğuna görə insanlar bu platformaya diqqətini daha da artırırlar.

Tik Tokun Azərbaycanda nümayəndəlikləri var, bununla bağlı 1 il öncə platformaya şikayətlər edildi. Nümayəndəlik belə halın bir daha baş verməyəcəyini bildirsə də, heç bir tədbir görülmədi, əksinə bu hal olduqca çərçivədən çıxır. Rəqəmsal Texnologiyalar Nazirliyi isə bu işlərlə bağlı heç bir addım atmır. Ona görə də məsələyə birbaşa Hüquq Mühafizə Orqanları, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokrorluq müdaxilə etməlidir. Platforma bağlandıqdan sonra müəyyən araşdırmalar aparılmalı, heç bir problem çıxmadığı halda şirkət istəyirsə, platforma yenidən fəaliyyətini davam etdirə bilər. Əgər, bu halın qarşısı alınmasa, gənclərimiz ciddi təhlükə qarşısında qalacaqlar. Biz bunu fərqinə varmasaq da, sonradan bunun qarşısını almaq olduqca çətin olacaq".

 

Azər Abuşov