“Dərs yükünün artırılması, ev tapşırıqlarının həddindən artıq olması…”
Bölmə: Sosial › ,Tarix: 11:59 01.03.2024
Bir çox şagirdlər dərs yükünün ağırlığından, tapşırıqların həddindən artıq verilməsindən narazıdırlar. Bu hal onların psixologiyasına, dərsin öyrənilməsinin keyfiyyətinə necə təsir edir? Bu mövzuda psixoloq Vüsalə Əmiraslanova “informator.az”a danışıb.
Psixoloq deyir ki, son dövrlərdə təhsil sistemində köklü dəyişikliklər var.
“Bu həm müsbət, həm də mənfi yöndədir. Uşaqların dərs oxuma gücü bəzən onların gündəlik dərs proqramlarına uyğun gəlmir. Nəzərə almaq lazımdır ki, uşaqların dərslə yanaşı, müəyyən hobbiləri, fəaliyyətləri var ki, onlarla da məşğul olurlar. Hər məşğuliyyət də onların evlərinə yaxın ərazidə yerləşməyə bilir. Kiçik yaşlı uşaqlar üçün idman, musiqi, beyin inkişafı istiqamətində fənnlərin olması vacibdir. Lakin kiçik yaşdan uşaqlar çox yüklənir, iş dəftərləri, əlavə məlumatlar tam proqramı mənimsəməyə kömək etmir. Bunun üçün də daha çox əlavə məlumat almağa məcbur olurlar”.
Psixoloq vurğulayır ki, böyük siniflərdə də, kiçik siniflərdə də dərs az, amma anlaşılan halda olmalıdır.
“Dərs yükünün artırılması, ev tapşırıqlarının həddindən artıq olması şagirdlərin dərsə marağını azaldır. Həmçinin onlarda həyəcan, təşviş yaradır. Bəzən həvəsdən düşürlər, özünəqapanma, özgüvən əskikliyi yaşayırlar. Uşaqların xarakterləri fərqlidir. Elə uşaq var, çox tapşırıq sevir, eləsi də var ki, sevmir”.
Psixoloq sonda məsləhət verir ki, sinifdə uşaqların ümumi ortalama gücünə uyğun olaraq, proqram yüngülləşdirilməlidir.
Sayad Qoşnalıyeva