Ərdoğandan 'Krım' açıqlaması: Ukraynaya təhvil verilməlidir

Bölmə: Dünya › ,
Tarix: 19:06 11.09.2024

Prezident Ərdoğan Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Ukraynanın Krım bölgəsi ilə bağlı açıqlama verib və Krımın Ukraynaya aid olduğunu bildirib. Ərdoğan, “Krım tatar türklərimizin təhlükəsizliyinin və rifahının təmin edilməsi xarici siyasətimizin prioritetləri sırasındadır” dedi.

Prezident Ərdoğan 4-cü Krım Platforması Liderlər Zirvəsinə video müraciət göndərib.
Ərdoğan mesajında, "Türkiyənin ilk gündən qarşı çıxdığı və tanımadığı Krımın ilhaqı acıları daha da dərinləşdirdi. Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyimiz davam edir. Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir. Krımın yerli xalqlarından biri olan Krım tatar türklərimizin təhlükəsizliyinin və rifahının təmin edilməsi xarici siyasətimizin prioritetləri sırasındadır" dedi.

"Krım tatar türkləri öz vətənlərində azad yaşamalıdırlar”

Qarşıdakı dövrdə Krım tatar türklərinin hüquqlarının gücləndirilməsi istiqamətində əlavə addımların atılacağına inanıram. Krım tatar türklərinin öz vətənlərində azad, təhlükəsiz və dinc yaşamaq hüququ var.

Krım Tatar Milli Məclisinin sədr müavini Neriman Cəlalın 3 ilə yaxın əsirlikdən sonra iyun ayında azadlığa buraxılması sevindirici haldır. Asan və Əziz Əhmədov qardaşları da daxil olmaqla bütün Krım tatar soydaşlarımızın tezliklə azadlığa qovuşmasını gözləyirik.

"Biz ədalətli və davamlı sülhə ümid edirik”

Səmimi arzumuzdur ki, müharibə Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi əsasında ədalətli və davamlı sülhlə başa çatsın. Sözlərimi yekunlaşdırarkən ümid edirəm ki, platforma çərçivəsində həyata keçirdiyimiz işlər Krımda, Ukraynada və regionumuzda sülhün təmin edilməsi istiqamətində beynəlxalq səylərə töhfə verəcək.

Mənbə: Habertürk
Elnurə Kərimova