"Facebook"un sahibi Meta, Rusiya Dövlət kanallarına qadağa qoyub

Bölmə: Dünya › ,
Tarix: 21:12 17.09.2024

“Facebook”un sahibi Meta Rusiyanın bəzi dövlət media kanallarını təsir əməliyyatları aparmaq və platformalarında moderasiyadan yayınmaq üçün aldadıcı taktikalardan istifadə etdiklərinə görə qadağan etdiyini açıqlayıb.

"Diqqətlə nəzərdən keçirdikdən sonra biz Rusiyanın dövlət media kanallarına qarşı davam edən sanksiyalarımızı genişləndirdik. "Rossiya Seqodnya", RT və digər filiallar xarici müdaxilə fəaliyyətləri səbəbindən qlobal miqyasda tətbiqlərimizə qadağa qoyulub" - Meta açıqlamasında bildirib.

Qadağaların yaxın bir neçə gün ərzində tətbiq ediləcəyi gözlənilir.

Rusiya dövlət mediası Qərb ölkələrində siyasətə təsir göstərməyə çalışdığı iddiası ilə mübahisə doğurur.

Sosial media nəhəngi Meta Facebook-dan başqa Instagram, WhatsApp və Threads proqramlarına da sahibdir.

Meta-nın bu addımı o deməkdir ki, dünyanın ən böyük sosial media şirkəti Rusiya dövlət mediasına münasibətini sərtləşdirib.

İki il əvvəl Meta Rusiya dövlət mediasının yayılmasına qarşı daha məhdudlaşdırıcı tədbirlər görərək, bu kanalların platformalarda reklamını məhdudlaşdırıb və onların məzmununun istifadəçilərə çıxışını məhdudlaşdırıb.

Ukraynada işğal başlayandan bəri Meta, digər sosial media platformaları kimi, Aİ, Böyük Britaniya və Ukraynadan Rusiyanın bəzi dövlət media kanallarının həmin bölgələrdə bloklanması tələblərinə əməl edib.

Bu yaxınlarda ABŞ Rusiyanın dövlət yayımçısı RT-ni Rusiya hökumətinin mesajını gizlədən məzmun yaymaq üçün Tennessi ştatındakı bir şirkətə 10 milyon dollar ödəməkdə ittiham edib.

İttihamda bildirilirdi ki, immiqrasiya, gender və iqtisadiyyatla bağlı sağçı fikirləri çatdıran videolar RT-nin iki əməkdaşı tərəfindən “gizli şəkildə redaktə edilib, paylaşılıb və idarə olunub”.

Ötən həftə ABŞ-ın dövlət katibi Antoni Blinken RT-ni “Rusiya kəşfiyyat aparatının faktiki qolu” kimi təsvir edib.

RT də Blinkenin sözlərini X platformasında canlı yayımlayıb və onları “ABŞ-ın son sui-qəsd nəzəriyyəsi” kimi qiymətləndirib.

Mənbə: BBC
Aysel Ağakərimova