Ağ Ev atəşkəs çağırışını təkrarladı: Biz Yaxın Şərqdə müharibə görmək istəmirik
Bölmə: Dünya › ,Tarix: 23:34 26.09.2024
İsrail-Livan sərhədindəki gərginliklə bağlı açıqlamalar verən Ağ Evin sözçüsü Karine Jean-Pierre 21 günlük atəşkəs çağırışını təkrarlayıb.
Jean-Pierre, "Biz hesab etmirik ki, hərtərəfli müharibə cavabdır, bu bizə aydındır", dedi.
Ağ Evin sözçüsü Jean-Pierre gündəlik mətbuat brifinqində İsrail-Livan sərhədindəki gərginliklə bağlı qiymətləndirmələr edib. Jean-Pierre regionda onsuz da yüksək olan gərginliyin daha da artmasını istəmədiklərini və bu səbəbdən Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası zamanı bu mövzuda intensiv diplomatiya apardıqlarını bildirib.
ABŞ sözçüsü bu səylər nəticəsində həm G7 ölkələrinin, həm də bəzi ərəb ölkələrinin dəstəyi ilə İsrail-Livan sərhədində 21 günlük fövqəladə müvəqqəti atəşkəsə çağırdıqlarını və bir daha bu atəşkəslə bağlı bütün tərəfləri çağırdıqlarını vurğulayıb.
Jean-Pierre, "Biz hərtərəfli bir müharibənin (bölgədəki gərginliyə) cavab olduğunu düşünmürük, bu mövzuda aydınıq. Müvəqqəti atəşkəs üçün əlimizdən gələni edirik ki, yarada bilək. Sözügedən ortaq bəyanat israillilərlə razılaşdırılıb”,dedi.
ABŞ rəsmilərinin bu mövzuda Nyu-Yorkda təmaslarını hələ də davam etdirdiyini bildirən Ağ Ev sözçüsü, İsrailin 21 günlük atəşkəslə bağlı mənfi bəyanatı ilə bağlı heç bir şərh verməyəcəyini bildirib.
ABŞ və Fransanın rəhbərlik etdiyi Avropa İttifaqı (Aİ) və digər 8 ölkəni bir araya gətirən birgə bəyanatda, İsrail və Livan arasında qarşıdurmaların dayandırılması və diplomatiyaya meydanın açılması üçün 21 günlük fövqəladə atəşkəs elan edilib. İsrailin baş naziri Benyamin Netanyahu Nyu Yorkda məsələ ilə bağlı verdiyi açıqlamada, Livanda Hizbullaha qarşı hücumları “məqsədlərinə çatana qədər” davam etdirəcəklərini bildirib.
Mənbə: Haber global
Zəhra Məmmədova