Azərbaycanda kibercinayətkarlıq sürətlə artır-Ekspert təhlükələri açıqlayır

Tarix: 13:42 10.03.2025
Azərbaycanda kibercinayətkarlıq son illərdə ciddi problemə çevrilib. İnternetin və rəqəmsal texnologiyaların sürətlə inkişafı kibertəhlükələri daha da artırır.
Bu fikirləri “İnformator.az”a açıqlamasında informasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev bildirib. Mütəxəssis, Azərbaycanda kibercinayətkarlığın mövcud vəziyyəti və qarşıdakı risklərlə bağlı vacib məqamları qeyd edib:
“Hazırda ölkədə kibercinayətkarlıqla bağlı bir sıra vacib təhlükələr qeydə alınmaqdadır. Məsələn, fişinq və sosial mühəndislik üsulları ilə şəxslərin şəxsi məlumatları (bank məlumatları, şifrələr və s.) oğurlanır. Bundan əlavə, onlayn ödəniş platformalarında və elektron poçt vasitəsilə fırıldaqçılıq halları da geniş yayılıb”.
A.Rzayev ransomware hücumlarının risklərindən də söz açıb:
“Bu hücumlar nəticəsində vətəndaşların və təşkilatların məlumatlarının şifrələnməsi və pul tələb edilməsi halları artıb. Bu, xüsusilə korporativ şəbəkələrə və dövlət qurumlarına yönəlib. Həmçinin, Web-saytların və onlayn xidmətlərin əlçatanlığının pozulması üçün tətbiq olunan DDoS hücumları da tez-tez müşahidə olunur”.
Mütəxəssis, həmçinin, kriptovalyuta ilə bağlı cinayətlərdən də bəhs edib:
“Kriptovalyuta əməliyyatlarında fırıldaqçılıq və qara maliyyə axınları artıb. Paralel olaraq isə şəxsi məlumatların qeyri-qanunu yayılması hallarına da tez-tez rast gəlirik. Məsələn, şəxsi məlumatların bazalarının oğurlanaraq satılması və ya ictimai şəbəkələrdə paylaşılması halları müşahidə olunur”.
Asif Rzayev gələcəkdə gözlənilən potensial kiber təhdidlərdən də söz açıb:
“Gələcək də bu təhdidlərlə bağlı bir sıra addımların həyata keçirilməsi gözlənilir. Məsələn, İoT cihazlarının sayının artması ilə bu cihazların zəif təhlükəsizliyi kiberhücumlar üçün yeni mənbə ola bilər. Kibercinayətkarların AI texnologiyalarından istifadə edərək daha mürəkkəb hücumlar təşkil etməsi də gözləniləndir. Deepfake vasitəsilə saxta video və audio yazıların yayılması, fərdi məlumatların oğurlanması və təqiblər artacaq. Dövlət qurumlarına və kritik infrastruktur obyektlərinə yönələn hücumların artması ilə bağlı da risklər gözləniləndir”.
Mütəxəssis sonda əlavə edib ki, ölkədə kibertəhlükələrə qarşı bir sıra tədbirlər görülür:
“Bu risklərə qarşı mübarizə aparmaq üçün Azərbaycanda bir sıra tədbirlər görülməkdədir. Məsələn Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yaradılıb. Bu mərkəz yüksək ixtisaslı kadrların hazırlanması və kibertəhlükəsizlik sahəsində təlimlərin keçirilməsi məqsədi daşıyır. Bundan əlavə, "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiya" qəbul edilib. Bu strategiya çərçivəsində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestrinin yaradılması və digər təhlükəsizlik tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu addımlar ölkəmizin kibertəhlükələrə qarşı hazırlığını artırmaqda mühüm rol oynayır”, - deyə o, yekunlaşdırıb.
Həcər Əmiraslanlı

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi 19.07.2025-cü il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Saatlı rayonun ucqar kəndlərini (Varxankənd və Qaralar) əhatə edən “Kənd sağlamlığı günləri” adlı seminar keçirib.