I və IV qruplarda abituriyentləri nə gözləyir?

Tarix: 21:47 25.07.2025
Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə keçirilən II cəhd (S) blok imtahanının nəticələrini elan edib. Bu nəticələr ixtisas seçiminə birbaşa təsir göstərəcək və qəbul prosesinin gedişatında əhəmiyyətli rol oynayacaq.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil sahəsi üzrə mütəxəssis Samir Əzimsoy bildirib ki,Dövlət İmtahan Mərkəzinin açıqladığı rəqəmləri nəzərdən keçirsək, 2025-ci il üçün dövlət sifarişi ilə təhsil alacaq tələbə yerlərinin sayı ötən illə müqayisədə 568 yer (2.04%) artıb. Ümumilikdə isə plan yerlərində 1309 yer (2.21%) artım müşahidə olunur:
"Bu artım ilk növbədə onu göstərir ki, bu il keçid ballarında kəskin artım gözlənilmir. Lakin bəzi ixtisaslar üzrə illik artım tendensiyası davam edəcək. Dövlət İmtahan Mərkəzinin statistikasına görə, bu il I ixtisas qrupu üzrə plan yerlərində 2.28%, IV ixtisas qrupu üzrə isə 2.47% artım qeydə alınıb. Amma bu o demək deyil ki, plan yerləri artıbsa, bütün ixtisaslar üzrə keçid balları aşağı düşəcək. Əmək bazarında tələbatı günü-gündən artan bir çox ixtisaslarda yenə keçid ballarında artım, bəzilərində isə azalma olacaq. I ixtisas qrupunda RK altqrupu üzrə balların azalması müşahidə olunacaq. Çünki son illərdə I ixtisas qrupunun Riyaziyyat-Kimya (RK) altqrupu üzrə keçid ballarında azalma müşahidə olunur. Bu tendensiyanın bir neçə əsas səbəbi var. Bunlardan biri cəmiyyətin inkişaf mərhələsinin dəyişməsidir. Müasir dövrdə, yəni postsənaye dövründə xidmət sektoruna olan tələbat artıb. Bu da təbii olaraq sənaye yönümlü ixtisaslara marağın azalmasına, informasiya texnologiyaları və idarəetmə sahələrinə marağın isə artmasına səbəb olub. İkincisi, RK altqrupu üzrə ixtisaslar əsasən sənaye yönümlüdür. Mexanika, kimya mühəndisliyi, texniki sahələr əvvəlki illərdə prioritet idi, lakin indi cəmiyyətin ehtiyacları dəyişib. Əmək bazarında bu sahələr üzrə artıq kifayət qədər kadr var. Bu da abituriyentlər və ailələrin seçimlərinə təsir edir, daha perspektivli, yeni və dinamik sahələrə üz tuturlar. Bu faktorlar birlikdə RK altqrupu üzrə qəbul ballarının nisbətən aşağı düşməsinə səbəb olur".
Həmçinin müsahib bildirib ki, I qrupun Riyaziyyat-İnformatika altqrupunda İnformasiya təhlükəsizliyi, Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları kimi ixtisaslarda hər il artım müşahidə olunur və bu il də həmin sahələrdə müəyyən keçid balı yüksəlişi mümkündür:
"IV ixtisas qrupunda isə Tibb sahəsi üzrə olan ixtisaslarda son illərdə demək olar, keçid balları o yüksək olaraq qalır və populyarlığını qoruyur. Bu il bu sahələr üzrə ciddi artım gözlənilmir, lakin rəqabət stabil olaraq qalacaq. IV ixtisas qrupunda kənd təsərrüfatı ilə bağlı sahələrə gələcəkdə əmək bazarında ciddi ehtiyac olacaq. Çünki artıq illərdir ölkəmizdə kənd təsərrüfatının ekstensiv tipdən tam olaraq intensiv tipə keçməsi üçün ciddi addımlar atılır. Yəni bu sahədə ciddi innovativ inkişaf üçün ixtisaslı kadrlara ciddi ehtiyac var və bu sahədə ciddi kadr boşluğu müşahidə olunur. Lakin buna baxmayaraq, bu sahəyə abituriyentlərin marağı çox aşağıdır. Əsasən bu sahəyə az bal toplayan abituriyentlər sənəd verir. Bu da post-sovet dövründə kənd təsərrüfatı sahəsində yaşanan böhranla bağlıdır. Yəni, 90-cı illərdən son illərə kimi bu sahədə təhsil alan mütəxəssislərin çoxu ya işsiz qaldı, ya az maaşlı işdə işləmək məcburiyyətində qaldı, ya da ixtisasına uyğun iş tapmadı. Bu da cəmiyyətdə bu peşəyə qarşı etimadı zəiflətdi. Halbuki kənd təsərrüfatı hər bir dövlətin strateji sahəsidir və bu sahənin gücləndirilməsi üçün yüksək ixtisaslı mütəxəssislərə ehtiyac getdikcə artır. Bu səbəbdən ciddi maarifləndirmə işləri aparılmalı və gənclərə bu ixtisasların perspektivi və əhəmiyyəti aydın şəkildə izah olunmalıdır. Ümumilikdə keçid balının arxasında statistik göstəricilər, sosial maraqlar, təhsil keyfiyyəti və əmək bazarının çağırışları dayanır. Abituriyentlərə tövsiyə edirəm ki, bu göstəriciləri düzgün təhlil edib daha məqsədyönlü və uğurlu seçim etsinlər".
Nigar Həsənzadə

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi 19.07.2025-cü il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Saatlı rayonun ucqar kəndlərini (Varxankənd və Qaralar) əhatə edən “Kənd sağlamlığı günləri” adlı seminar keçirib.