"ABŞ Dünyanın Ən Pis Təhsil Sisteminə Malikdir"-Tramp

Tarix: 21:08 10.03.2025
ABŞ-nin keçmiş prezidenti Donald Tramp ölkənin təhsil sistemini sərt tənqid edərək, onun dünyada ən pis sistemlərdən biri olduğunu bildirib və radikal dəyişikliklərin vacibliyini vurğulayıb.
Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı "informator.az"a açıqlamasında bildirib ki, Trampın Təhsil Nazirliyinin ləğv edilməsinin mahiyyəti ondan ibarətdir ki, ABŞ milli təhsil siyasətində köklü dəyişiklik etmək istəyir:
"Əgər bu dəyişiklik baş tutarsa, yeni konstitusiya dəyişikliyinin və ya əlavənin edilməsi zərurəti yarana bilər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Təhsil Nazirliyinin ləğvi, qeyd etdiyim kimi, mərkəzləşdirilmiş idarə sisteminin və yaxud da federal idarəetmə sisteminin təhsil sahəsində ləğvi deməkdir. Nazirliyin ləğvindən sonra əsas səlahiyyətlər ştatların daxili qanunvericiliyi ilə müəyyən edilə bilər. Hər bir ştatın özünəməxsus təhsil idarəsi mövcuddur və onların artıq müstəqilləşməsi baş verə bilər".
Müsahib bildirib ki, bu addımın müsbət tərəfləri də var:
"Müsbət cəhət ondan ibarətdir ki, məktəblər arasında rəqabət daha da arta bilər. Bu, özünü müəllimlərin, valideynlərin və şagirdlərin məktəb seçiminə təsirində göstərəcək. Rəqabət yönümlü sistemdə müəllimlər daha reytinqli məktəbləri işləmək üçün seçəcək, valideynlər və şagirdlər də ən yaxşı təhsil verən məktəblərə üstünlük verəcəklər. Beləliklə, hər bir məktəb çalışacaq ki, nüfuzunu artırsın, öz imkanlarını inkişaf etdirsin və təhsil bazarında daha mühüm yer tutsun".
Ekspertin sözlərinə görə, bu prosesin mənfi tərəfləri də mövcuddur:
"Əsas mənfi cəhət ondan ibarətdir ki, ABŞ-nin vahid milli təhsil konsepsiyası aradan qalxacaq. Hər bir ştatın özünün ayrıca təhsil qanunvericiliyi yarana bilər və buna uyğun olaraq təhsil sistemi formalaşacaq. Ola bilsin ki, ümumi standartlar tətbiq edilsin, lakin həmin standartlar yerli qanunvericiliklə yanaşı fərqli tələblərlə də tamamlanacaq. Təhsil Nazirliyinin ləğvi ilə artıq vahid milli strateji təhsil sistemindən danışmaq mümkün olmayacaq. Nazirliyin ləğvindən sonra bu məsələ yerli ştatların ixtiyarına keçəcək. Belə olan halda, ABŞ-nin bütün məktəbləri üçün vahid federal maliyyələşdirmə sistemi mövcud olmayacaq. Yəni, bütün məktəblər eyni dərəcədə maliyyə dəstəyi almayacaq. Bunun nəticəsində iqtisadi cəhətdən inkişaf etmiş ştatların təhsil sistemi daha da güclənə bilər, lakin zəif iqtisadi imkanlara malik ştatların təhsil sisteminin inkişaf perspektivləri məhdudlaşa bilər. Bu siyasət ABŞ-nin xarici təhsil siyasətinə də təsir edə bilər. ABŞ-nin təhsil modeli indiyədək bir çox ölkələr, xüsusən Avropa ölkələri və qonşu dövlətlər üçün nümunə hesab edilirdi. Əgər Təhsil Nazirliyi ləğv edilərsə, ABŞ-nin bu modelinin nüfuzu azala bilər və digər ölkələr də öz təhsil sistemlərinə yenidən baxmağa ehtiyac duya bilərlər. Eyni zamanda, ABŞ-nin dövlət səviyyəsində beynəlxalq təhsil əlaqələri zəifləyə bilər.
Bununla belə, bu dəyişikliklərin universitetlər səviyyəsində ciddi təsiri gözlənilmir. Çünki ABŞ-da kifayət qədər müstəqil fəaliyyət göstərən və yüksək reytinqə malik universitetlər var. Lakin ümumilikdə Təhsil Nazirliyinin ləğvi ABŞ-nin beynəlxalq arenada təhsil sahəsində liderliyini zəiflədə bilər".
Aydan Quliyeva

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi 19.07.2025-cü il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Saatlı rayonun ucqar kəndlərini (Varxankənd və Qaralar) əhatə edən “Kənd sağlamlığı günləri” adlı seminar keçirib.