Azərbaycan dili imtahanları elektronlaşır: Şagirdlər üçün yeni dövr başlayır

Tarix: 20:09 18.03.2025
Digər bölmələrdə təhsil alan şagirdlər üçün Azərbaycan dili imtahanının Dövlət İmtahan Mərkəzinin elektron imtahanların keçiriləcəyi inzibati binada təşkili nəzərdə tutulur.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi "informator.az"a açıqlamasında bildirib ki, elektron imtahanlar ekoloji problemlərin azaldılmasına töhfə verməklə yanaşı, qiymətləndirmə prosesini daha operativ edəcək. Belə ki, elektron sistemin tətbiqi nəticələrin daha tez elan olunmasını təmin edəcək:
"Burada imtahanlara qoşulan iştirakçıların sayı digər buraxılış və blok imtahanlarına nisbətən daha az olduğundan, bu prosesin elektron qaydada təşkil edilməsi mümkün sayılır. Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi müasir texnologiyalardan istifadə edərək, kağız daşıyıcılardan imtina etməyi, ekoloji cəhətdən daha səmərəli yanaşma tətbiq etməyi prioritet hesab edir.Hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrində bu sistem geniş şəkildə istifadə olunur. Şəxslər imtahanları elektron qaydada verir və nəticələr dərhal elan edilir. Gələcəkdə Azərbaycanda da bənzər sistem tam həyata keçiriləcək".
Ekspert onu da vurğulayıb ki, yalnız elektron imtahan binasında deyil, eyni zamanda digər təhsil müəssisələrində də kompüter sistemləri tam təmin olunduqdan sonra buraxılış və blok imtahanları da elektron formada keçirilə biləcək:
"Əlbəttə ki, texniki problemlərin aradan qaldırılması ilə bağlı Dövlət İmtahan Mərkəzi müvafiq tədbirlərini görür və düşünürük ki, imtahanların gedişatında bu cür problemlər yaşanmayacaq. Şagirdlərin rəqəmsal imtahanlara adaptasiyası üçün təlimlər təşkil olunur. Dövlət İmtahan Mərkəzi, müvafiq platformalarda, o cümlədən otk.az platformasında imtahanları onlayn keçirir və bu, abituriyentlər üçün daha əlverişli imkan yaradır ki, onlar bu prosesə asanlıqla uyğunlaşa bilsinlər. Eyni zamanda, bir sıra özəl müəssisələr də elektron formada imtahanlar keçirir və artıq şagirdlər prosesə demək olar ki, tam adaptasiya olublar. Çətinlik və rahatlıq baxımından, rəqəmsal imtahanlar başlanğıcda müəyyən çətinliklər yarada bilər, amma bu çətinliklər çox böyük olmayacaq. Əslində, bu imtahanın əsas üstünlükləri onu göstərir ki, bütün cavablar daha şəffaf və doğru olacaq".
Güllər Gülhüseynova