Zelenski ABŞ-dan Rusiya üçün təzyiq çağırışı edib! “Atəşkəs üçün vacibdir”

Tarix: 16:16 27.03.2025
Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron ilə Parisdə keçirilən birgə mətbuat konfransında açıqlamalar verib. Zelenski, ABŞ-nin müharibənin sona çatması üçün Rusiyaya təzyiq göstərməli olduğunu bildirərək, “Amerika tərəfinin dənizdə qeyd-şərtsiz sakitliyi (atəşkəsi) təmin etməsini gözləyirik” ifadələrini işlədib.
Rusiyanın Ukraynaya hücumlarını davam etdirdiyini vurğulayan Zelenski, Səudiyyə Ərəbistanında müharibənin bitməsi üçün aparılan danışıqlara baxmayaraq, Rusiyanın atəşkəs qərarlarına əməl etmədiyini qeyd edib. O, müharibənin həqiqətən sona çatması üçün daha güclü birgə addımların atılmasının vacibliyini vurğulayıb.
“ABŞ-nin atəşkəs təmin etməsini gözləyirik”
Zelenski, Qara dənizdə atəşkəsin təmin edilməli olduğunu bildirərək, Rusiyanın bunun üçün müəyyən “əlavə şərtlər” irəli sürdüyünü qeyd edib. O, “Buna görə də Amerika tərəfinin dənizdə qeyd-şərtsiz sakitliyi (atəşkəsi) təmin etməsini gözləyirik”,- deyib.
Rusiyanın Qara dənizdə atəşkəsə razılıq verməsi qarşılığında ona tətbiq olunan sanksiyaların aradan qaldırılmasını tələb etməsi ilə bağlı suala cavab verən Zelenski, Səudiyyə Ərəbistanında keçirilən görüşlər zamanı Ukrayna və ABŞ nümayəndə heyətlərinin sanksiyalar mövzusunu müzakirə etmədiyini bildirib.
Zelenski, Makron ilə keçirdiyi ikitərəfli görüşdə Ukraynaya daha çox Fransanın Mirage 2000 döyüş təyyarələrinin verilməsi məsələsini müzakirə etdiklərini açıqlayıb.
Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməsi məsələsinə toxunan Zelenski, bunun Rusiya hücumlarının qarşısını almaq üçün əhəmiyyətli ola biləcəyini bildirib.
Söhbət gedən sülhməramlı qüvvələrin Ukraynada yerləşdirilməsi halında, onların əsas vəzifəsinin sahədəki vəziyyətə nəzarət etmək olacağını ifadə edən Zelenski, “Heç kim hər hansı bir ölkəni müharibəyə sürükləmək istəmir. Nəzarət üçün kontingent çox vacibdir”,- deyə vurğulayıb.
Zelenski, bu mövzu ilə bağlı Parisdə keçiriləcək Ukrayna sammitində danışıqlar aparılacağını bildirib.
A haber
Günel Verdiyeva