“Türkiyə əmindir ki, Suriya terrorçuları dəstəkləməyəcək” -ŞƏRH

Tarix: 23:09 31.03.2025
Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.
Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov “informator.az”a açıqlamasında bildirib ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə artıq Türkiyə Suriyada strateji qələbə qazanmaqla yanaşı, həm də öz təhlükəsizliyini təmin edib:
“Əsas məsələ isə Suriyanın bərpa olunmasıdır. Bunun üçün vacib şərtlərdən biri Suriyanın iqtisadi cəhətdən inkişaf etməsidir. Digər məsələlər də - hərbi təhlükəsizlik və müdafiə problemləri zamanla öz həllini tapacaq. Türkiyə Suriyanın yükündən azad olacaq. Bu baxımdan, Suriyaya beynəlxalq dəstək lazımdır. Suriyada etiraz aksiyaları keçiriləndə və ondan əvvəlki dövrdə artıq Əməd Əş-Şəra Türkiyəni dəstəklədi. Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl Əməd Əş-Şəranın arxasında dayandı. Bununla yanaşı, Əməd Əş-Şəra ilə mùəyyən razılıq da əldə edildi. Türkiyə: “Bax, biz səni hakimiyyətə gətirəcəyik. Amma sən də artıq bizim maraqlarımızı təmin edəcəksən”.
Bununla bağlı razılıq əldə olunub. Çünki Ankara-Dəməşq xəttində münasibətlər inkişaf edir. Xüsusilə Türkiyə rəsmiləri Suriyaya səfər edirlər”.
Siyasi şərhçinin sözlərinə görə, Türkiyə əmindir ki, Suriya terrorçuları dəstəkləməyəcək:
“Əksinə, Suriya terrorla mübarizədə Türkiyənin maraqlarını təmin edəcək. Türkiyə Suriya üçün mübarizə aparacaq və Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasına nail olacaq. Çünki bu sanksiyalar Suriyanın inkişafını əngəlləyir. Suriya inkişaf etdikcə, Türkiyə Suriyanın yükündən azad olacaq.
Mümkündür ki, beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ, bununla bağlı məlumat yayıb müəyyən bəyanatlar versin".
Vüqar Alışov