Tramp Signal tətbiqini yoxlayacaq

Tarix: 17:07 27.03.2025
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ hakimiyyəti Signal messencerini yoxlayacaq, çünki platforma "qüsurlu ola bilər".
Mart ayının ortalarında ABŞ administrasiyasının 18 yüksək vəzifəli nümayəndəsi Signal tətbiqində husilərə zərbələr barədə müzakirələr aparıb, bu barədə isə səhvən çata əlavə olunan jurnalist məlumat verib.
Fox News xəbər verir ki, Tramp, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən "Signal, dürüst desək, qüsurlu bir sistem ola bilər. Düşünürəm ki, bu məsələyə baxmalıyıq. Bunu aydınlaşdırmalıyıq", – deyib. Gizli məlumatların sızdırılmasından sonra qalmaqal yaratmağa cəhdləri isə o, "cadugər ovuna" bənzədib. "Düşünürəm, bu cadugər ovudur. Mən orada yox idim, amma inanıram ki, husilərə edilən zərbə çox möhtəşəm idi", – deyə o, əlavə edib.
24 martda The Atlantic jurnalının baş redaktoru Jeffrey Goldberg, Ağ Ev milli təhlükəsizlik müşaviri Mike Waltz-in səhvən onu Signal çatına əlavə etdiyini və burada husilərə zərbə barədə müzakirələrin aparıldığını yazıb. Pentaqon qısa müddət sonra Signal-də gizli məlumatların dərc edilməsi ilə bağlı məlumatı təkzib edib. Lakin 26 martda The Atlantic bütün yazışmaların ekran görüntülərini yayımlayaraq zərbələrin tarixi, vaxtı və yeri barədə məlumat verib.
Signal – gücləndirilmiş təhlükəsizliklə olan bir messencer olsa da, o, özəl bir şirkət tərəfindən hazırlanıb və ABŞ vəzifəliləri, qanuna əsasən, milli təhlükəsizlik məsələlərini müzakirə etmək və gizli məlumatları yalnız xüsusi olaraq bu məqsəd üçün hazırlanmış proqramda paylaşa bilərlər.
Mənbə: Caliber
Aytən Ağazadə