Prezident Ərdoğan, Rusiya Dövlət Başçısı Putinlə görüşüb

Bölmə: Dünya › ,
Tarix: 13:58 28.03.2025

 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Görüş zamanı Türkiyə-Rusiya ikitərəfli əlaqələri, regional və qlobal məsələlər müzakirə olunub.

 

Prezident Ərdoğan görüşdə regional problemlərin həllində Türkiyə ilə Rusiyanın əməkdaşlığının əsas əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün başlanan prosesi Türkiyənin yaxından izlədiyini və şərəfli, daimi sülhün təmin edilməsi üçün sülh danışıqlarına ev sahibliyi etmək də daxil olmaqla, hər cür dəstəyə hazır olduğunu bildirib.

 

Prezident Ərdoğan, Qara dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyi üçün atılacaq xoşniyyətli addımların sülh prosesinə töhfə verəcəyini və Türkiyənin Qara dənizin münaqişə zonasına çevrilməməsi üçün üzərinə düşən vəzifələri yerinə yetirməyə davam etdiyini qeyd edib.

 

Görüş zamanı Prezident Ərdoğan, Türkiyənin Suriya məsələsində Rusiya ilə əməkdaşlığa önəm verdiyini, Suriyanın ərazi bütövlüyü əsasında daimi sülh və sabitliyin təmin olunması üçün Türkiyə və Rusiyanın birlikdə çalışmasının vacib olduğunu vurğulayıb. O, Suriyanın birliyini pozmağa yönəlmiş etnik və məzhəbi ayrı-seçkiliyi qızışdıran cəhdlərin qarşısının alınması və Suriyaya qarşı sanksiyaların tamamilə ləğvi üçün Türkiyə və Rusiyanın birlikdə çalışa biləcəyini bildirib.

 

Prezident Ərdoğan həmçinin vurğulayıb ki, Suriyanın təbii resursları Suriya hakimiyyətinə təhvil verilməlidir və Türkiyə guya “Suriya Demokratik Qüvvələri”nin mərkəzi hökumət strukturlarına inteqrasiya olunmasını dəstəkləyir. O, Suriyanın terror təşkilatları üçün əlverişli bölgə olmaqdan tamamilə çıxarılmasının ölkənin sabitliyi üçün həyati əhəmiyyət daşıdığını qeyd edib.

 

TRT XƏBƏR

Günel Verdiyeva