“ABŞ İrana qarşı təzyiqləri artıracaq” -ŞƏRH

Tarix: 16:12 30.03.2025
İran ABŞ ilə birbaşa danışıqların şərtini açıqlayıb.
Bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Vaşinqton Tehrana qarşı siyasətini yenidən tənzimləməsə, İran ABŞ ilə birbaşa danışıqlara getməyəcək.
Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov “informator.az”a açıqlamasında bildirib ki, ABŞ-də Tramp hakimiyyətə gələndən bəri İranın işi daha da çətinləşib:
“Demokratlara nisbətən həm respublikaçılar, həm də Tramp İrana qarşı daha sərt mövqe tuturlar. Bu daha çox hazırkı reallıqla bağlıdır:
1. Bu gün ABŞ-nin xüsusilə Yaxın Şərq siyasəti ilə bağlı İsrailə ehtiyacı var.
2. Trampın yəhudi lobisinin dəstəyinə ehtiyacı var.
3. İddia olunur ki, Trampın kürəkəni yəhudidir.
Bütün bunlar Trampı İsraillə yaxınlaşdırmaqla yanaşı, İrana qarşı da daha sərt mövqedən çıxış etməsinə gətirib çıxarır. ABŞ qarşıdakı dövrdə İrana qarşı təzyiqləri artıracaq. Amma ABŞ İranın tamamilə məhv olmasını istəmir. Sadəcə, onu sıxışdırır və iqtisadi sanksiyalarla zəiflətməyə çalışır".
Siyasi şərhçinin sözlərinə görə, ABŞ-nin prioritetləri İran və Çindir:
“Ona görə də Şərqi Avropadakı məsələləri tez yekunlaşdırıb, bütün diqqətini Yaxın Şərqə və Çinə yönəltmək istəyir. İrana təzyiq göstərmək üçün də optimal şərait yaranıb. Bu gün ABŞ İsrail vasitəsilə İrana tam təzyiq göstərmək imkanına sahibdir. İran daxilində də vəziyyət yaxşı deyil. Ölkə sosial-iqtisadi böhran içərisindədir.
Amma münasibətlər müharibə həddinə çatmayacaq. İran ABŞ-lə müharibə etmək iqtidarında deyil. ABŞ isə onu iqtisadi sanksiyalarla ağır vəziyyətə salacaq".
Vüqar Alışov