Suriyada keçid hökuməti quruldu-Xarici İşlər Nazirliyi bunu "məmnuniyyətlə" qarşıladı

Bölmə: Dünya › ,
Tarix: 20:39 30.03.2025

Suriya keçid idarəçiliyinin Dövlət Başçısı Əhməd Əş-Şəra 29 martda Dəməşqdə yaxın müttəfiqlərinin üstünlük təşkil etdiyi və bir qadının da yer aldığı yeni bir keçid hökuməti qurduğunu elan etdi.

 

Suriya keçid idarəçiliyinin Dövlət Başçısı Əhməd Əş-Şəra, Bəşər Əsədin devrilməsindən sonra vəzifədə olan müvəqqəti rəsmilərin yerinə yeni bir keçid hökumətinin qurulduğunu açıqladı. Yeni hökumətdə Əş-Şəranın yaxın müttəfiqləri üstünlük təşkil edir və bir qadın nazir də yer alır. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında “Suriyada keçid hökumətinin qurulmasını məmnuniyyətlə qarşılayırıq” ifadəsi yer alıb. Əş-Şəranın yaxın iş yoldaşları olan Xarici İşlər Naziri Əsəd Həsən Şeybani və Müdafiə Naziri Murhaf Əbu Qəsra kabinetdəki vəzifələrini qoruyub saxladılar. Baş Kəşfiyyat İdarəsinin rəhbəri Ənəs Xəttab isə Daxili İşlər Naziri təyin edilib. Ölkədəki xristian azlığının bir üzvü və uzun müddətdir Əsəd müxalifi olan Hind Kabavat, Əş-Şəranın təyin etdiyi ilk qadın kimi Sosial İşlər və Əmək Naziri vəzifəsinə gətirildi. Üsyançıların nəzarətində olan bölgələrdə xilasetmə qrupları kimi tanınan Ağ Dəbilqəlilərin rəhbəri Raed əl-Saleh isə təcili hallar və fəlakətlər naziri vəzifəsinə təyin edilib. Şənbə günü edilən bu açıqlamanın mart ayının əvvəlində verilməsi planlaşdırılıb.

 

Son dövrlərdə ölkənin qərb sahillərində, ələvi əhalisinin sıx yaşadığı şəhərlərdə keçirilən basqın və toqquşmalarda yüzlərlə insan həyatını itirib. Suriya keçid hökuməti, Laziqiyə, Tartus və Hama şəhərlərində toqquşmaların sona çatdığını bildirməsinə baxmayaraq, bölgədən insanların qaçmağa davam etdiyinə dair görüntülər yayılmaqdadır. Minlərlə mülki şəxs Livana keçərkən, çox sayda insan da digər bölgələrə sığındığı bildirilir. Birləşmiş Millətlər bəzi bölgələrdə “məhkəməsiz edam” hallarının baş verdiyinə dair məlumatlar əldə edib. Suriya keçid hökuməti azlıqları qoruyacağına söz verib. Suriyada inklüziv bir keçid dövrü üçün beynəlxalq çağırışlar edilirdi.


Mənbə: BBC News

Fatimə Heydərova