ABŞ və Suriya liderləri görüşəcəklər

Tarix: 12:40 04.04.2025
ABŞ Prezidenti Donald Tramp may ayında Səudiyyə Ərəbistanına səfəri zamanı Suriya lideri Əhməd əş-Şaraa ilə görüşəcək.
Qeyd edək ki, iki liderin danışıqlarını Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd bin Salman təşkil edib.
ABŞ Prezidenti Donald Tramp və Suriya lideri Əhməd əş-Şaraa arasındakı görüşün məqsədi nədir?
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Ukrayna və digər dövlətlərə olan münasibətlər kimi ABŞ-in lideri Donald Tramp Suriyanın təbii nemətlərindən, neft yataqlarından və yeraltı, yerüstü nemətlərindən istifadə etmək istəyəcəyini düşünürəm.
"Suriyanın yeni dövlət başçısı Əhməd əş-Şaraanın birinci rəsmi səfəri Səudiyyə Ərəbistana olub. Bildiyimiz kimi həmin səfər Suriya hakimiyyəti tərəfindən geniş tərkibdə təmsil olunub. Bu o deməkdir ki, Səudiyyə Ərəbistan Əsəd hakimiyyətindən fərqli olaraq, Suriyanın yeni təşkil olunmuş hakimiyyətini qəbul edir, yəni o, ölkənin problemləri ilə yaxından məşğul olmaq istəyir. Co Baydenin hakimiyyətindən fərqli olaraq, Donald Trampın hakimiyyəti Səudiyyə Ərəbistanla isti münasibət qurmaqdadır. Buna misal olaraq Rusiya ilə ABŞ arasında keçirilən danışıqların Səudiyyə Ərəbistanın paytaxtında olması, digər nümunə, Səudiyyə Ərəbistanla ABŞ arasında 150 milyard dollara yaxın silah müqaviləsinin olmasını qeyd edə bilərik. ABŞ-in keçmiş prezidenti Co Baydenin dönəmində Yəmənə olan münasibəti ilə Donald Trampın Yəmənə olan münasibəti arasında fərqlər var. Belə ki, Donald Tramp birinci seçki dönəmində Yəmənləri terrorist təşkilatı siyahısına salıb, ancaq əfsuslar olsun ki, Co Bayden hakimiyyətə gəldikdən sonra Donald Trampın bu qərarını ləğv edib. Əlbəttə ki, bu Səudiyyə Ərəbistanın xoşuna gəlməmiş və ABŞ hakimiyyət ilə arasında böyük soyuqluğa səbəb olub. Donald Tramp yenidən hakimiyyətə gəldikdən sonra Yəmənlə olan münasibəti yenə gündəmdədir. Bugünkü gündə əlbəttə ki, Səudiyyə Ərəbistanla ABŞ arasındakı münasibət region dövlətlərə təsir edəcəkdir. Həmas məsələsində Səudiyyə Ərəbistanın Həmas təşkilatını qınaması onu göstərir ki, Səudiyyə Ərəbistanla ABŞ arasında faciə yüksələ bilərdi. Trampın Səudiyyə Ərəbistana birinci səfəri bu iki dövlətin yaxınlaşmasından xəbər verir.
Suriya və ABŞ liderlərinin görüşü onu ifadə edir ki, iki dövlət arasında olan münasibətlərin normallaşmasına xidmət edəcək. Burada Suriyanın yeni təşkil olunmuş Əhməd əş-Şaraa hakimiyyəti ilə İsrail hakimiyyəti arasında olan münasibətlər problem yaradır. Bildiyimiz kimi İsrail ordusu təhlükəsizlik zolağı adlandırılan ərazini zəbt edərək Suriya dövlətinə problemlər yaşadır. Suriya torpaqlarında türk hərbi birləşmələrinin olması və Suriyanın yeni hakimiyyətinin türk ordusuna hərbi bazanın verilməsilə əlaqədar İsrailin xoşuna gəlməyib. Ona görə də, düşünə bilərik ki, Donald Tramp çalışacaq ki, Suriya ilə münasibətlər İsrailə bu və digər formada təsir etsin. Ukrayna və digər dövlətlərə olan münasibətlər kimi Donald Tramp Suriyanın təbii nemətlərindən, neft yataqlarından və yeraltı, yerüstü nemətlərindən istifadə etmək istəyəcəyini düşünürəm. Səudiyyə Ərbistanın da burda bir sıra maraqları var. Qeyd edək ki, həmin regionda ən böyük su ehtiyyatı olan Suriya dövlətidir. Suriya ərazisində yerləşən içməli suyun 30%- i İsrail ordusu tərəfindən zəbt olunub. Ona görə də, Səudiyyə Ərəbistana maraqlıdır ki, ABŞ və Suriya arasında olan münasibətlər normallaşsın və İsrailin Suriyaya olan müdaxiləsinin qarşısını alsın".
Səmayə Səftərova