Sklerodermiya xəstəliyi-Dermatoveneroloq AÇIQLAYIR

Tarix: 22:27 09.04.2025
“Sklerodermiya autoimmun və poliorqan xəstəlik sayılır. Burada təkcə dəri deyil, daxili orqanlar da zədələnə bilər. Qida borusu, ürək əzələsi, mədə-bağırsaq, qan damarları, böyrəklər zədələnə bilir”.
Bu sözləri dermatoveneroloq Sevinc Kərimova "İnformator.az”a açıqlamasında deyib.
O qeyd edib ki, xəstəliyin əsas əlamətləri isə dərinin bərkləşməsi, qalın kollagen liflərin əmələ gəlməsidir:
“Başlanğıcda dəridə göyümtül, bənövşəyi qızartılar, ağrılar olur. Sonralar əksinə bu hissiyat itir, dəri bərkləşdikcə yumşaq toxumalara qan axımı azaldığı üçün qidalanması pozulur, dərinin rəngi ağarır və hissiyat itir, tədricən atrofiyalaşma gedir.Xəstəliyə dərinin bütün bölgələrində rast gəlinə bilər. Əksər hallarda əl və ayaq barmaqlarında başlaya bilir, bu halda adətən reyno xəstəliyi ilə müşayiət olunur. Reyno xəstəliyin əsas əlaməti isə xırda kapilyar damarlar zədələnir və nəticə etibarilə toxumaların qidalanması pozulur. Ona görə də xəstəlik ilk vaxtlarda göyümtül, bənövşəyi qızartılar , hipermiya və ağrılarla başlayır. Bütün bu dediklərim daxili orqanlar zədələndikdə də baş verə bilir. Sklerodermiyanın 2 forması var. Proses təkcə dəridə gedirsə, onu nisbətən yüngül saymaq olar, amma bəzən dəridə diffuz formalar olur, dərinin bütün sahələrini əhatə edir, bu halda da hərəkət məhdudlaşır və proses hətta sümüyə qədər sirayət edə bilir. Amma daxili orqanlarda sklerodermiyanı rentgen, kardioqrama, bəzən kompüter tomoqrafiyası kimi müayinələrdən keçməklə dəqiqləşdirmək olar”.
Müsahibimizin sözlərinə görə, xəstəliyin tam dəqiqləşdirilməsi üçün dəri formasında biopsi götürülür, patomorfoloji və patohistoloji müayinələr nəticəsində xəstəliyin dəqiqləşdirilməsi mümkün olur:
“Xəstəliyin səbəbləri dəqiq məlum deyil. Xəstəliyin müalicəsində ilk növbədə dərinin açıq sahələrini qış aylarında soyuqdan qorumaq mütləqdir. Bu xəstəlikdə damarların zədələndiyini nəzərə alsaq, toxumaların qidalanmasının pozulması səbəbindən dəri ətrafları daimi isti saxlanılmalı, mütəmadi şəkildə yüngül masajlar olmalıdır. Daha ağır hallarda həkim vasitəsilə steroid müalicələr təyin olunmalıdır”.
Nərmin Həşimova