Teatrın gələcəyi: tamaşaçı marağı və yeni yanaşmalar

Tarix: 14:43 06.04.2025
Teatr nədir? Bir çox tərifi var. “Teatr insanı, insana, insanla, insanca anlatma sənətidir” Tərifi belə olan bu sənət növünə günümüzdə maraq azalıb. Əvvəlki qədər diqqət görmür. Tamaşaçı marağının azalması teatrların fəaliyyətinə də öz təsirini göstərir. Bəzi teatrlar tamaşaçı cəlb etmək üçün müəyyən işlər görür, addımlar atırlar.
Bu barədə Şuşa Dövlət Musiqili Dram Teatrının Baş İnzibatçısı Yaşar Muradov “informator.az”a müsahibəsində bildirib ki, deməzdi ki, teatrlarda tamaşaçı qıtlığı var:
“Bu gün teatrların repertuarı zəngindir. İstənilən mövzuda tamaşalar oynanılır. İstər Şuşa teatrı olsun, istərsə də digər şəhər teatrları. Bu gün Sosial şəbəkələr daha aktivdir. Sanki bizi daha çox virtual aləmə çəkib. Ona görə də bir balaca durğunluq dövrü yaşanır. Teatra tamaşaçı cəlb eləməyin də yolları var. Bu gün marketinq dövrüdür. Artıq hər bir şey reklam üzərində qurulur. Teatr alış-veriş sahəsi deyil, tamaşaların təşkili bilet satışı ilə həyata keçirilirsə, orada da marketinqdən söhbət gedə bilər. Bu gün hamı telefondan izəyir. Bizim də sosial şəbəkə hesablarımız var. Oradan da bizim mütəmadi olaraq teatrımızın, tamaşalarımızın reklamı gedir. Tamaşaçı bir əsərə bir dəfə baxır. Biz çox sevinirik ki, tamaşaçı tələbkar olsun. Tamaşaçı tələbkarlığı inkişaf deməkdir. Tamaşaların müxtəlif mövzularda olması ilə bərabər, tez-tez repertuar yenilənməlidir. Yeni tamaşalar əlavə olunmalıdır ki, repertuar zənginləşsin. Bu istiqamətdə də bütün teatrlar yetəri qədər çalışır. Bizim teatrımız da artıq yeni tamaşalar təqdim edib. Daha bir tamaşa da hazırlanır, bu yaxınlarda ictimaiyyətə təqdim olunacaq. Teatr işinin təşkili belədir ki, mövsüm də rol oynayır. Hava şəraiti mütləq təsir edir. Artıq yay mövsümünə yaxınlaşırıq. Bu mövsümdə insanlar qapalı məkanlardan qaçırlar. Yəni teatr mövsümi sənətdir. Əsasən payız-qış aylarında məhsuldar olur”.
Y.Muradov yeni mövsüm üçün hazırlanan layihələrdən də söz açıb:
“Yeni teatr mövsümü üçün də yeni tamaşalar hazırlanır. Uşaqlar üçün bu yaxınlarda “Siçanın planı” tamaşasını təhvil verdik. Uşaqlar və valideynlər çox bəyəndilər. Bu bizə daha da stimul verdi. Zəhmətimizin bəhrəsini gördük. Yeni bir tamaşanın məşqləri gedir. “Səkkiz qadın” tamaşası. Onun da rəğbətlə qarşılanacağını düşünürük. Yeni tamaşalar üzərində çalışırıq. Əsərlər üzərində seçim gedir. Dəqiqləşəndən sonra ictimaiyyətə məlumat verəcəyik”.
Rafiq Yusifov