Çin ABŞ şirkətlərinə sanksiyalar tətbiq etdi

Tarix: 11:13 07.04.2025
Çin ABŞ-nin “qarşılıqlı tarifələr” çərçivəsində Çindən idxal olunan məhsullara tətbiq etdiyi 34 faiz gömrük rüsumu artımına cavab olaraq, ABŞ şirkətlərinə qarşı ixrac qadağaları, məhdudiyyətlər və istintaqların yer aldığı sanksiyalar elan edib.
Çin Ticarət Nazirliyinin açıqlamasına görə, 27 ABŞ şirkəti ixrac nəzarəti və ya qadağalar siyahısına əlavə olunub. Onlardan 16-sının həm hərbi, həm də mülki istifadə üçün nəzərdə tutulan məhsullarının ixracına qadağa qoyulub. 11 şirkət isə ixrac qadağası tətbiq olunan “etibarsız qurumlar” siyahısına salınıb.
Nazirlik bu 16 şirkətin Çin milli təhlükəsizliyini və maraqlarını qorumaq, eləcə də silahların yayılmasının qarşısını almaqla bağlı beynəlxalq öhdəliklərə əməl etmək məqsədilə ixrac nəzarət siyahısına daxil edildiyini bildirib.
Müdafiə, aviasiya, pilotsuz uçuş aparatları istehsalı, kəşfiyyat və logistika sahələrində fəaliyyət göstərən bu şirkətlərin Çinlə bağlı ixrac əməliyyatları bundan sonra ciddi nəzarət altında olacaq.
“Skydio” və “BRINC Drones” kimi pilotsuz uçuş aparatı istehsalçılarının da daxil olduğu 11 şirkətin isə Çin ilə suverenlik mübahisəsi olan Tayvanla texnoloji əməkdaşlıq etdikləri səbəbilə “etibarsız qurumlar” siyahısına salındığı bildirilib.
ABŞ şirkətinə antiinhisar araşdırması başladılıb.
Nazirlik həmçinin ABŞ və Hindistandan idxal edilən bəzi tibbi tomoqrafiya borusu məhsullarına qarşı damping araşdırması və bu kateqoriyadakı məhsulların ümumi idxalına dair rəqabət araşdırması başladıldığını elan edib.
Çin Dövlət Bazar Nəzarəti İdarəsi ABŞ-nin transmilli kimya şirkəti “Dupont”un Çindəki törəmə müəssisəsinə qarşı inhisar əleyhinə qanun pozuntusu şübhəsi ilə araşdırma başladıb.
Çin Baş Gömrük İdarəsi də ABŞ-nin altı şirkətinin Çinə toyuq məhsulları və süpürgə darısı ixracına verilən icazələrini ləğv edib.
Mənbə: TRT HABER
Nuray Əliyeva
ABŞ-nin tarifləri Asiyada azalmaya səbəb olduğu üçün Avropa səhmləri açıq şəkildə ucuzlaşır
Qadınların pensiyaya çıxması qaydasının uşaqların sayına görə müəyyənləşdirilməsi təklif olunur