"Vətəndaş jurnalistikası" adı ilə çaşqınlıq yaradanlar: Media elə bir fenomendir ki,...-ŞƏRH

Bölmə: MEDİA › ,
Tarix: 09:18 07.04.2025

Mediada informasiya təhlükəsizliyi müasir dövrdə cəmiyyətin davamlı inkişafı və ictimai sabitliyin qorunması üçün vacib amillərdən biridir. İnformasiya texnologiyalarının sürətli inkişafı nəticəsində saxta xəbərlər və manipulyasiya hallarının yayılması asanlaşıb. Bu, ictimai rəyə təsir göstərərək insanların düşüncə və davranışlarını yönləndirə bilər.

Media qurumları yayımladıqları informasiyanın doğruluğunu təmin etməli və məsuliyyətli jurnalistikanı əsas prinsip kimi qəbul etməlidirlər. Eyni zamanda istifadəçilər də təqdim olunan informasiyaları tənqidi düşüncə ilə qiymətləndirməlidirlər. İnformasiya təhlükəsizliyi həm dövlət, həm media orqanları, həm də vətəndaşlar arasında əməkdaşlıq tələb edir. Bu sahədə maarifləndirmə işləri aparmaq və kibertəhlükələrə qarşı effektiv müdafiə mexanizmləri yaratmaq vacibdir.

Bu barədə “informator.az”a danışan siyasi şərhçi Kənan Novruzov deyir ki, media elə bir fenomendir ki, cəmiyyət həyatında baş verən dəyişikliklər, o cümlədən texnoloji inkişaf medianın fəaliyyətinə təsir edir:

“Təsir özünü müxtəlif istiqamətlərdə göstərir. Mətbuat janrlarının dəyişməsi və mətbuat janrlarının transformasiyasından tutmuş, jurnalist materiallarının təqdimat formasına qədər özünü müxtəlif istiqamətlərdə əks etdirir. Xüsusilə son illər məhz informasiya texnologiyalarının inkişafı nəticəsində mediada ciddi dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklərin birinci istiqaməti lakonik və konkretliyə, qısalığa maksimum dərəcədə önəm verilməsidir. Çünki informasiya kommunikasiya texnologiyalarının inkişafı istənilən informasiyanı istənilən şəxs üçün əlçatan edib. Bu jurnalistikada operativliyin əhəmiyyətini artırır və nəticədə artıq bir cümlə bir xəbər prinsipindən istifadə olunur. Yəni biz deyirik ki, bir cümlə və bir xəbər informasiyanı verir. İkinci bir tərəfdən dezinformasiya sayı artıb. Bu da məhz İKT-nin, o cümlədən süni intellektin fəaliyyəti ilə izah olunmalıdır. Deməli, dezinformasiya və informasiya yaratmaq nə qədər asandırsa onları həqiqi informasiyalardan ayırmaq bir o qədər çətindir. Bu da ictimai şüura çaşqınlığı artıran məqamlardandır. Hətta nəinki sıravi vətəndaşların, dünya liderlərinin üzü, səsi və onların adlarından istifadə etmək mümkündür ki, bunlar hamısı süni intellektin fəaliyyətinin nəticəsidir. Üçüncü bir tərəfdən insanların şəxsi informasiyalarının əldə olunması asanlaşıb ki, bu da perspektivdə çox ciddi problemlərə səbəb ola biləcək məsələdir".

Şərhçi qeyd edib ki, bütün bunlarla əlaqədar olaraq informasiya təhlükəsizliyi fenomeni meydana çıxır:

“İnformasiya təhlükəsizliyi informasiya kommunikasiya texnologiyalarının təsirlərinin, şəxsi məlumatların ələ keçirilməsinin qarşısının alınması məqsədilə atılan addımlar sistemidir. Əslində burada da biz informasiya təhlükəsizliyindən danışmazdan əvvəl bir media savadlılığı anlayışı ortaya çıxır ki, hər şeydən əvvəl media savadlılığı olmalıdır. Adi oxucu informasiyanı dezinformasiyadan fərqləndirməyi bacarmalıdır. Vətəndaş bilməlidir ki, özünün bank hesablarını yaymaq, şəxsi informasiyaları paylaşmaq olmaz. Vətəndaş bununla yanaşı, həm də dünyagörüşünü artırmalıdır. Bundan savayı, deməli, hüquqi tənzimləmə gücləndirilməlidir. Sosial medianın fəaliyyətinə nəzarət eləyən ayrıca qurum yaradılmalıdır. Düşünürəm ki, buna ehtiyac var. Bu olsa, xeyli dərəcədə vətəndaş jurnalistikası adı ilə ictimai şüurda çaşqınlıq yaratmaq istəyənlərin qarşısı kəsilər".

Kamil İsgəndərli