Uşaqlarda Beyin Sarsıntısı və Bərpa Prosesinin Əhəmiyyəti

Tarix: 21:22 09.04.2025
Uşaqlarda baş-beyin travması nəticəsində yaranan beyin sarsıntısı həm fiziki, həm də idrak və emosional sahədə ciddi təsirlər yarada bilər. Lakin mütəxəssislər bildirirlər ki, düzgün yanaşma və mərhələli bərpa planı ilə bu haldan tam sağalma mümkündür.
Məsələ ilə bağlı Psixoloji İnkişaf Akademiyasının psixoloqu Rəhimə İbrahimova “İnformator.az”a açıqlamasında qeyd edib ki, bu tip travmalardan sonra uşaqlarda başgicəllənmə, yaddaş və diqqət pozuntuları, emosional dalğalanmalar müşahidə oluna bilər:
“Beyin sarsıntısı keçirən uşaqlar ilkin mərhələdə fiziki və zehni istirahətə çəkilməlidir. Bu dövrdə onlar səs-küydən, parlaq işıqlardan və elektron cihazlardan uzaq saxlanmalı, eyni zamanda keyfiyyətli yuxu və sakitlik təmin olunmalıdır”.
Psixoloqun sözlərinə görə, bərpa prosesi dörd mərhələdən ibarətdir:
İstirahət mərhələsi – zehni və fiziki yüklənmədən tam uzaqlaşma.
Məhdud aktivlik – simptomlar azaldıqca məktəbə və gündəlik həyat fəaliyyətlərinə qismən qayıdış.
Tam fəaliyyətə keçid – simptomlar ,demək olar ki, yoxa çıxdıqda idman və aktivliklərə tədrici qayıdış.
Normal həyata dönüş – simptomlar tam aradan qalxdıqda əvvəlki rejimə keçid və həkim tərəfindən qiymətləndirmə.
Psixoloq vurğulayıb ki, bəzi uşaqlarda fiziki simptomlar (baş ağrısı, yorğunluq, yuxusuzluq) və idraki çətinliklər (diqqət pozğunluğu, yaddaş zəifləməsi) bir neçə həftə, bəzən isə bir aya qədər davam edə bilər. Bu səbəbdən müəllim və valideynlər uşaqda bu əlamətləri diqqətlə müşahidə etməli, stress və yüklənmədən qorumağa çalışmalıdır:
“Təhsil prosesində fərdi yanaşma göstərilməli, yüngülləşdirilmiş tapşırıqlar və rahat şərait yaradılmalıdır. Əgər simptomlar davam edərsə, fasilə verilməli və həkim məsləhəti alınmalıdır”.
Ümumilikdə, uşaqlarda beyin sarsıntısından sonra düzgün bərpa planı və ailə-məktəb dəstəyi ilə onların tam şəkildə normal həyata qayıtması mümkündür. Erkən mərhələdə atılan doğru addımlar həm psixoloji, həm də fiziki sağalma prosesini nəzərəçarpacaq dərəcədə sürətləndirə bilər.
Gülhüseynova Güllər