Rotavirus yenidən uşaqlar arasında geniş yayılmağa başlayıb

Tarix: 21:52 09.04.2025
Rotavirus, bağırsaq infeksiyalarına səbəb olan viruslardan biridir və xüsusilə kiçik uşaqlar arasında ən çox yayılan virus infeksiya növü hesab edilir.
Mövzu ilə bağlı həkim professor Adil Qeybulla "İnformator.az"a açıqlamasında bildirib ki, demək olar ki, beş yaşa kimi olan uşaqların hər biri bu virusa yoluxur.
"Qeyd edim ki, rotavirus uşaqlar arasında çox geniş yayılıb. Demək olar ki, beş yaşa kimi olan uşaqların hər biri bu virusa yoluxur. Xəstəliyin əlamətləri uşaqlarda qızdırma, ürəkbulanma, ishal ,sulu diyareya ilə müşahidə olunur. Erkən olaraq, belə hallarda, uşaqların bədənində su çatışmazlığı baş verir. Bu zaman, uşaqlara ev şəraitində regidron dərman vasitəsi verilir. Bu dərman vasitəsi bir litr suda həll olunaraq, qəbul edilir. Bu, ev şəraitində uşaqlara rotavirusa qarşı edilən ilk tibbi yardımdır. Ümumiyyətlə, uşaqları əvvəlcədən viruslardan qorumaq üçün valideynlər vaksin etdirməlidir. Təəssüflər olsun ki, bir çox valideyn bu vaksini uşaqlara etdirmir və uşaqlarda, bu cür xəstəliklərə yoluxur. Qeyd edək ki, bu xəstəlik yoluxucudur və xəstəliyin iki gün ərzində əlamətləri üzə çıxır, on günə qədər davam edə bilir. Bu proses yavaş-yavaş davam edir və lokallaşır. Bəzən olur ki, xəstəlik ağırlaşa, yəni, dehidratasiya uzana bilir. Çünki, viruslar ayrı-ayrı davranış nümayiş etdirirlər. Bir çox insanlar da, rotavirus aşkarlana bilər və bu xəstəlik aylarla davam edə bilir. Bundan qurtulmaq üçün təbii olaraq, düzgün müalicə və müayinə edilməlidir".
Səmayə Səftərova