Uğursuzluqdan Sonra Özünü Yenidən Qurmaq-Psixoloji Elastiklik Prosesi

Bölmə: Sosial › ,
Tarix: 22:26 09.04.2025

Uğursuzluq hər bir insanın həyatının ayrılmaz hissəsidir, lakin bu hal fərqli psixoloji reaksiyalar doğura bilər. Psixoloji elastiklik (resilience) — insanın stress və çətinliklərdən sonra yenidən dirçəlmək qabiliyyəti — bu prosesdə həlledici rol oynayır. Özünü yenidən qurmaq yalnız güclü olmaq deyil, həm də dəyişmək və öyrənmək bacarığıdır.

 

Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva "İnformator.az"a açıqlamasında bildirib ki, həyat hekayələrdən ibarətdir. Biz hər zaman hekayələrdən yoğrularaq müəyyən mərhələlərə, məkanlara gəlirik. Ona görə də uğursuzluq və yaşadığımız çətin anlar təsadüfi olmur:

 

 

"Bu anlar bizi dəyişdirmək, böyütmək və hekayələrə fərqli baxış bucağından yanaşmaq üçündür. Hər bir uğursuzluq — toparlanmağımız üçün bir dərsdir. Bu zaman biz yaşadığımız acını içimizdə saxlamadan, onu qəbul edib, üzərində düşünməliyik. Ola bilər ki, bu toparlanma prosesi üç, dörd və ya altı gün çəkə bilər.

 

Unutmamalıyıq ki, uğursuzluqlar arzularımızın, xəyallarımızın və hədəflərimizin qarşısını kəsməməlidir. Əgər bu hədəflər insanlıq və mənəviyyat çərçivəsindədirsə, biz onların arxasınca getməliyik. Uğursuzluqdan sonra vacib olan odur ki, həmin vəziyyəti təhlil edib, nəyi necə dəyişə biləcəyimizi düşünək. İnsan bu mərhələdə həm özünü tanımalı, həm də inkişaf etdirməyə çalışmalıdır. Uğur qazanmaq üçün nə etmək lazım olduğunu anlamalı və addımlar atmalıdır. Bu zaman sevdiklərimizin — ailəmizin, dostlarımızın və yaxınlarımızın — dəstəyi də çox önəmlidir. Ən əsası isə, bizi xoşbəxt və sağlam hiss etdirən fəaliyyətlərə yönəlmək və bunları davam etdirməkdir".

 

Həmçinin psixoloq bildirib ki, insan psixoloji elastikliyini artırmaq üçün müxtəlif gündəlik vərdişlərdən istifadə edə bilər:

 

“Gündəlik olaraq formalaşdırdığımız vərdişlər uğur yolunda bizə dəstək ola bilər. Məsələn, oxuduğumuz kitablar, qazandığımız yeni biliklər və ya həyata dair atdığımız hər bir addım bizi inkişaf etdirə bilər. Bu vərdişlər maarifləndirici və motivasiyaedici olmalıdır. Biz mübarizədən və mücadilədən qaçsaq, bu yalnız indiki deyil, gələcək uğurlarımızın da qarşısını ala bilər. Ona görə də kiçik addımlarla da olsa, davamlı olaraq irəliləmək, psixoloji dayanıqlığı gücləndirmək üçün çox vacibdir".

 

Nigar Həsənzadə