“ABŞ-nin Türkiyəyə daha çox ehtiyacı var”-ŞƏRH

Tarix: 23:59 11.04.2025
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər edəcək.
Bu barədə "CNN Türk"ün Vaşinqton müxbiri Yunus Paksoy deyib.
O bildirib ki, Tramp Yaxın Şərq turnesi çərçivəsində Türkiyədə də olacaq.
Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə və ABŞ prezidentlərinin görüşəcəyi gözləniləndir, əsas sual görüşün harda olması idi:
“Bundan əvvəl iddia olunurdu ki, Ərdoğan ABŞ-yə gedəcək, amma indi artıq Trampın Türkiyəyə gedəcəyi gözlənilir. Əgər Tramp Türkiyəyə gedərsə, bu həm də çox ciddi siyasi mesaj olacaq. Adətən bu səfərlər təsadüfi olaraq seçilmir. Xüsusilə indiki ABŞ və Türkiyənin liderlərinin görüşü və nəzərə alsaq ki, bu, Trampın ikinci dəfə prezident seçilməsindən sonra Ərdoğanla ilk görüşü olacaq. Bu səfərin ünvanı təsadüfi olaraq seçilməyəcək və əgər Tramp Türkiyəyə gedərsə, bu, təxminən belə başa düşülməlidir ki, indiki məqamda ABŞ-nin Türkiyəyə daha çox ehtiyacı var. Çünki Türkiyənin ABŞ-yə ehtiyacı olsa, Ərdoğan Vaşinqtona getməlidir”.
Siyasi şərhçinin sözlərinə görə, istənilən halda belə bir görüş yəqin ki, mayın ilk 10 günlüyündə baş tutacaq:
“Tərəflərin müzakirə edəcəyi çoxlu mövzular var. Trampın ikinci prezidentliyi dövründə Ərdoğanla ilk görüşü olacaq, tərəflər NATO daxilindəki əməkdaşlığı, Yaxın Şərqdəki vəziyyəti, Rusiya-Ukrayna müharibəsini, eyni zamanda Cənubi Qafqazı, Azərbaycan-Ermənistan məsələsinin normallaşmasını, ABŞ-nin Panama, Qrelandiya və Kanadaya olan iddialarını, ümumi mənada Ankara və Vaşinqton birgə əməkdaşlığın konturlarını ortaya qoyacaqlar ki, hansı məsələlərdə fikirlər üst-üstə düşür, hansı məsələlərdə tərəflər arasında ziddiyyət var. Bir yol xəritəsi müəyyənləşdirəcəklə. Bundan sonra baş verən hadisələr də məhz həmin müəyyənləşən yol xəritəsinə uyğun davam edəcək. Bütün hallarda görüş səmərəli, effektiv, məhsuldar olacaq, çünki indidən bunu hiss etmək mümkündür. Tramp və Ərdoğan bir-birilərinin ünvanına xoş sözlər deyirlər. Bu da həm görüşdə, həm də görüşdən sonrakı baş verəcək proseslərdə özünü aydın şəkildə göstərəcək”.
Vüqar Alışov