Ağ ev: ABŞ artıq 130 ölkə ilə gömrük rüsumları üzrə danışıqlar aparır

Tarix: 21:14 14.04.2025
Bu gün 130 ölkə ABŞ ilə əlaqə saxlayıb və gömrük rüsumları ilə bağlı danışıqlar aparmaq istədiyini bildirib.
Mövzu ilə əlaqədar politoloq Xəyal Bəşirov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin 130 ölkə ilə gömrük rüsumları üzrə danışıqlar aparması məsələsi hər kəsə məlumdur:
“Dünyanın əksər dövlətlərində bu gömrük tariflərinin qaldırılması məsələsi bəzi dövlətlər üçün narahatlıq yaradıb. Məhz bu danışıqlar prosesidə həmin o dövlətlər və ABŞ arasında tariflərin endirilməsi və güzəştlər edilməsi məsələsidir. Təbii ki, bu həmin dövlətlərin təşəbbüsünə aid olan məqamdır. ABŞ-nin məqsədi isə daha fərqlidir. Mən düşünürəm ki, həmin o dövlətlərlə danışıqların aparılmasında bir məqsəd var: ABŞ-nin dünyada baş verən ticarət proseslərinə münasibətdə 2000-ci illə 2025-ci il arasındakı fərq ciddi şəkildə narahat edir”.
Ekspertin sözlərinə görə, dünya iqtisadi xəritəsində 2000-ci ildə Çinin ticarət apardığı dövlətlərin dairəsinə diqqət etsək görə bilərik:
“Ən çox sanksiya altında olan, Qərbin, Avropa İttifaqının və ABŞ-nin sanksiyası altında olan, İran, Afrika kimi bəzi dövlətlər daha az ticarət imkanları olan və iqtisadi gücü zəif olan dövlətlər Çinin daha ucuz və daha keyfiyyətsizadlanan məhsulları ilə bağlı ticarətlər ediblər. Lakin 25 il sonra əsrin 1/4 -nin keçməsindən sonra Çinin ticarət dairəsinə diqqət etsək görərik ki, ABŞ, Kanada, Meksika və bəzi dövlətləri aid etmək olar. Hazırda dünyanın əksər hissəsi Çinlə ticarət aparır. Bu da Çinin gün keçdikcə güclənməsi deməkdir. Bu gün 130 dövlətlə danışıqların aparılmasının əsas səbəbi o dövlətlərin Çinlə ticarətini ya kəsmək yada təsir göstərməkdir”.
Asiman Vəliyeva