Ermənistanın uzatdığı dəhliz oyunu: Azərbaycan alternativini qurur

Tarix: 21:23 14.04.2025
Tarixi proses başlayıb. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən yol İran üzərindən inşa edilir. Artıq Ermənistandan yan keçən marşrut inşa edilir. Azərbaycanın isə tranzit imkanları genişlənir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirən ən qısa nəqliyyat bağlantısını təmin edəcək. Beləliklə də, Ermənistan yenə də regionda “dalan ölkə” olaraq qalmağa davam edəcək.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib ki, hesab etmirəm ki, bu yol Zəngəzur dəhlizinə alternatif yoldur:
"Azərbaycan hələ 2022-ci ildən Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın manipulyasiya edəcəyini öncədən təxmin etdiyinə görə və İranın bölgədə destruktiv fəaliyyətini neytrallaşdırmaq üçün İranla belə bir anlaşma əldə olundu və Zəngəzur dəhlizinə paralel olaraq, İran ərazisindən Naxçıvana keçidi təmin edən yolun inşası məsələsi razılaşdırıldı. Bu layihənin həyata keçirilməsi işlərinə start verildi. Artıq bu istiqamətdə əhəmiyyətli addımlar atılıb və ilin sonuna qədər işlərin böyük ölçüdə tamamlanması planlaşdırılır. Hesab etmirəm ki, bu yol Zəngəzur dəhlizinə alternatif yoldur. Bu paralel yoldur və onun yük daşımaq qabiliyyəti kifayət qədər yüksək rəqəmlərlə müəyyən olunub. İran da bu yolun açılması ilə gəlir əldə edəcək. Şübhəsiz ki, İran ərazisindən çəkilən yol Zəngəzur dəhlizindən təxminən 8-10 km daha uzundur. Eyni zamanda, nəzərə alsaq ki, Ermənistan bu prosesi yubatmaqla özünü faktiki olaraq, növbəti qlobal layihələrdən kənarda qoymaq riski ilə üz-üzədir. Zəngəzur dəhlizinin açılması Azərbaycanın əsas şərtidir, dəhlizin açılmasına Ermənistan razılıq verməlidir və bunun başqa variantı yoxdur".
Siyasi şərhçi dəhlizlərin imkanlarından da danışıb:
"Zəngəzur dəhlizi də açılarsa, hər iki yoldan istifadə Azərbaycana müəyyən imkanlar qazandırır. Bu da daha çox yüklərin daşınması anlamına gələcək, o baxımdan, bu tərəflərin marağına uyğundur.
Ermənistan, İran və Azərbaycan arasında bu məsələ ilə bağlı hansısa anlaşmanın olacağını düşünmürəm. Çünki Azərbaycan bu məsələni əvvəlcə Ermənistanla həll etməyə çalışdı, Ermənistan prosesi uzatdığına görə İran variantı dövriyyəyə girdi. Burada artıq üçtərəfli danışıqlara ehtiyac olduğunu düşünmürəm. Azərbaycan həm İran, həm də Ermənistanla bu prosesi həyata keçirə bilər. Digər tərəfdən, nəzərə alsaq ki, İran Zəngəzur dəhlizinin açılmamasına çalışır və bütün yüklərin öz ərazisindən daşınmasını istəyir. Bu da İrana həm strateji üstünlük verir, həm də ciddi maliyyə resursları qazandırır".
Siyasi şərhçi vurğulayıb ki, Ermənistan Zəngəzur dəhlizini gec tez açacaq:
"Bunun başqa variantı yoxdur. Çünki bununla bağlı Ermənistanın üçtərəfli bəyanatla əlaqəli olaraq üzərinə götürdüyü öhdəlik var. Bu öhdəlik yerinə yetirilməlidir. Hesab edirəm ki, müəyyən bir dövrdən sonra Ermənistan blokadada qalacağını anlayacaq və bu yolun açılmasına çalışacaq. Hazırda Ermənistan müxtəlif və mənasız iddialar və təkliflərlə çıxış etməklə öz istəklərini həyata keçirməyə çalışır, bu isə alınmayacaq".
Günel Verdiyeva