“Heç vaxt bu qədər yaxın olmamışıq” – Mirzoyan-ŞƏRH

Tarix: 23:34 14.04.2025
“Türkiyəli və azərbaycanlı həmkarlarım da təsdiqləyərdilər ki, biz heç vaxt bir-birimizə bu qədər yaxın olmamışıq”.
Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov “informator.az”a açıqlamasında bildirib ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı, Azərbaycanın öz ərazi bütövlüyünü işğaldan azad etməsi nəticəsində Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərində yeni səhifə açmasına səbəb olub:
“Çünki Azərbaycan torpaqlarının 30 il işğal altında olması faktoru həm də Türkiyə-Ermənistan münasibətlərinə təsir etmişdi. Türkiyə Ermənistanla bütün diplomatik əlaqələri dayandırmışdı. Münasibətlərə mane olan əsas məsələ artıq həllini tapıb – Azərbaycan torpaqlarını işğaldan azad edib. Bunun nəticəsində tarixdə heç vaxt müşahidə olunmayan bir yaxınlaşma baş verib. Tərəflər bir-birinə bu qədər yaxın olmamışdı. Bu baxımdan Mirzoyanın dediklərində həqiqət var. Amma onun fikirləri müəyyən dərəcədə manipulyasiya xarakteri daşıyır. O, “Artıq biz yaxınlaşdıq, bütün problemlər keçmişdə qaldı” demək istəyir. Halbuki nə Azərbaycan, nə də Türkiyə tarixi unudub. Əksinə, tarixdən dərs çıxarıblar. Bundan başqa, bu münasibətlərdə hələ də kifayət qədər problemlər mövcuddur. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi və sülh sazişi mətninin hazır olması o demək deyil ki, bütün problemlər artıq keçmişdə qalıb”.
Siyasi şərhçi əlavə edib ki, Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddiaları qalır:
“Ermənistan hələ də Azərbaycanın əsas tələblərindən birinə – ATƏT-in Minsk qrupunun ləğvinə qarşı çıxmır. Üstəlik, 10 noyabr üçtərəfli bəyanatının şərtlərini tam yerinə yetirmir. Nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı ciddi addımlar atmır. Bütün bunlar həm Ermənistan-Azərbaycan, həm də Ermənistan-Türkiyə münasibətlərinin inkişafına əngəl yaradır. Nəticədə münasibətlərdə ziddiyyətlər qalmaqdadır. Ermənistan real həll yolları tapmalıdır”.
Vüqar Alışov